İyulun 2-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti Mirzə Babayevin 112 illiyinə həsr olunmuş "Limanlar" adlı konsert proqramı təqdim olunub.
"Tehsil365" xəbər verir ki, konsertdə teatrın solistləri ilə yanaşı, tanınmış estrada müğənniləri də çıxış ediblər. Gecə boyu unudulmaz sənətkarın repertuarından "Limanlar", "Saçlarına gül düzüm", "Sən uzaq, yaşıl ada", "Kimlər gəldi, kimlər getdi", "Kəpənək", "Zəfəran" və digər sevilən mahnılar yeni nəfəs və fərqli yanaşmada səsləndirilib.
Müğənniləri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Mirxalid Salayevdir.
Qeyd edək ki, Azərbaycan estrada musiqisinin banilərindən biri sayılan Xalq artisti Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakıda anadan olub. Sənət fəaliyyətinə 1940-cı illərin əvvəlində caz orkestrində başlayıb. O, 30-dan artıq filmdə rol alıb və uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Mirzə Babayev 2003-cü il yanvarın 13-də, 90 yaşında dünyasını dəyişib.