Bu gündən ölkə üzrə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanları mərhələsinə start verilib. Naxçıvan Muxtar Respublikasında bu imtahanlar Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən İmtahan Mərkəzində keçilir.
"Tehsil365" xəbər verir ki, imtahanın birinci günündə Azərbaycan dili, texnologiya, təsviri incəsənət fənləri üzrə müəllim işləmək istəyən 81 namizəd iştirak edir.
Qeyd edək ki, Muxtar Respublikanın təhsil müəssisələrində vakant olan vəzifələr müəllimlərin işə qəbulu müsabiqəsinin qeydiyyat prosesindən əvvəl Naxçıvan Muxtar Respublikasının sosial şəbəkə hesablarında elan olunub.
Müsabiqəyə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələri üzrə 500-dən artıq vakant yer çıxarılıb. Bu yerlər üzrə keçirilən imtahanlarda iştirak üçün 1785 namizəd müraciət edib.
Xatırladaq ki, test imtahanları bu gün də daxil olmaqla, 4, 8-10 iyul tarixlərində təşkil ediləcək.
Müəllimlərin işə qəbulu imtahanı ümumilikdə 100 ballıq sistemlə hesablanacaq. İxtisas üzrə suallar 2 bal (40 sual), tədris metodikası üzrə suallar isə 1 bal (20 sual) ilə qiymətləndiriləcək. İxtisas üzrə suallarda 1 səhv 0.5 bal, tədris metodikası üzrə suallarda 1 səhv cavab isə 0.25 bal şəklində hesablanacaq.
Məlumat üçün bildirək ki, test imtahanı üzrə ümumitəsil proqramı üzrə 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, 40 bal və daha artıq yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.