“Azərbaycan və Özbəkistan arasında elm, peşə təhsili və ali təhsil sahəsində əməkdaşlıq genişləndirilir. Bu sənəd, ilk növbədə, ali təhsil sahəsində tərəfdaşlığı ehtiva edir”.
“Tehsil365” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan və Özbəkistan nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra AzTV-yə açıqlamasında səsləndirib.
Nazir qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində ciddi və dərin əməkdaşlıq mövcuddur.
"“Böyük Qayıdış” proqramı çərçivəsində Özbəkistan Respublikası Füzuli şəhərində hədiyyə olaraq Mirzə Uluqbəy adına orta məktəb inşa edib. Artıq həmin məktəbdə 535 şagird təhsil alır. İnanırıq ki, bu say növbəti tədris ilində daha da artacaq", – deyə nazir bildirib.
Emin Əmrullayev əlavə edib ki, ali təhsil sahəsində universitetlərarası əməkdaşlığın və tədqiqat layihələrinin artırılması istiqamətində daha çox iş görmək mümkün olacaq.
“Hazırda Özbəkistanda 40-50 nəfər azərbaycanlı tələbə, Azərbaycanda isə təxminən bu qədər özbək tələbə təhsil alır. Bu rəqəmlərin yaxın gələcəkdə artacağına inanırıq”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, iyulun 2-də Azərbaycan və Özbəkistan prezidentlərinin – İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlərin rəsmi mübadiləsi mərasimi keçirilib.
Bu çərçivədə “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”in mübadiləsi aparılıb. Sazişi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov imzalayıblar.