"Elm və Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən, bu il keçirilmiş kimya fənni üzrə sertifikasiya imtahanında 2500-dən bir qədər artıq müəllim iştirak edib və onların orta balı 40-dan yuxarı olub. Bildirilib ki, hətta ən çətin sual hesab edilən tapşırığa belə iştirakçıların 17 faizindən çoxu düzgün cavab verib. Ümumilikdə müəllimlərin 85 faizi minimal keçid balını toplayıb, 350 nəfər isə 51–60 bal aralığında nəticə göstərib".
Bu fikirləri "Tehsil365"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, “Bu rəqəmlər ilk baxışdan uğurlu görünə bilər. Lakin təhlillər göstərir ki, kimya fənni üzrə keçirilən sertifikasiya imtahanlarında ciddi metodoloji və psixometrik uyğunsuzluqlar müşahidə olunub.”
Ekspert bildirib ki, “Birinci mərhələdə iştirak edən müəllimlərin təxminən 15 faizi – yəni 400-ə yaxın namizəd – keçid balını toplaya bilməyib. Əvvəlki illərin təcrübəsinə əsasən, bu şəxslərin yalnız 100-dən bir qədər çoxu ikinci mərhələdə minimal nəticəni göstərə bilir. Bu isə o deməkdir ki, yekunda kimya fənni üzrə sertifikasiyadan keçə bilməyənlərin sayı ümumi göstəricidə 10 faizi keçəcək. Halbuki rəsmi statistika bu nisbəti təxminən 5 faiz kimi göstərir.”
Kamran Əsədov əlavə edib ki, “51 və daha yüksək bal toplayan müəllimlərin sayı cəmi 350 nəfər, yəni iştirakçıların 15 faizindən də azdır. Müqayisə üçün qeyd edək ki, 2023 və 2024-cü illərdə rus dili, Azərbaycan dili və ədəbiyyatı istisna olmaqla digər fənlər üzrə bu göstərici orta hesabla 30–35 faiz təşkil edib. Bu fərq bir daha göstərir ki, kimya üzrə test tapşırıqları ya normativ ölçmə meyarlarına uyğun olmayıb, ya da həddindən artıq çətin tərtib olunub.”
Ekspert qeyd edib ki, “Bəzən sosial şəbəkələrdə yayılan ‘suallar səhvdir’ və ya ‘imtahandan əvvəl sızdırılıb’ kimi fikirlər elmi əsasa söykənmir və Elm və Təhsil Nazirliyi bu iddiaları haqlı olaraq rədd edir. Lakin bu, imtahanın obyektiv və ədalətli keçirildiyi anlamına gəlmir.”
Onun sözlərinə görə, “Əgər minlərlə müəllim 35 faiz maaş artımı hüququndan yalnız çətinlik səviyyəsinin qeyri-real tərtib olunması səbəbindən məhrum olursa, bu artıq sistemli peşəkarlıq çatışmazlığına işarədir.”
Kamran Əsədov xüsusilə region müəllimlərinin üzləşdiyi çətinliklərə toxunaraq deyib: “Regionlarda 6–12 saat dərs deyərək ailəsini dolandıran müəllimlərin 2–3 sual səbəbindən keçid balından məhrum edilməsi və nəticədə maaş artımını itirməsi, sosial ədalətsizlik nümunəsi kimi qiymətləndirilə bilər. Bu həm də testləri hazırlayan və tətbiq edən qurumların psixometrik, kurikulum və qiymətləndirmə üzrə bilik və bacarıqlarında ciddi boşluqların olduğunu göstərir.”
Ekspert fikirlərini bu sözlərlə tamamlayıb: “Aydın məsələdir ki, bir sualın texniki baxımdan ‘səhv olmaması’ hələ onun ölçmə gücünün, ayırdetmə qabiliyyətinin və təlim proqramına uyğunluğunun olduğu anlamına gəlmir. Sertifikasiya qiymətləndirməsinin əsas məqsədi müəllimləri sıradan çıxarmaq deyil, onların inkişafını stimullaşdırmaq olmalıdır. Əks təqdirdə bu sistem cəmiyyətdə etimadsızlıq, narazılıq və gərginlik yaradacaq.”