Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent” jurnalının yeni nömrəsində 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul üzrə ixtisaslaşma seçimi haqqında elan dərc olunub.
“Tehsil365” xəbər verir ki, jurnalda “Bakalavrın elektron ərizəsi"ndə ixtisaslaşmaların seçimi və təsdiqi üçün təlimat, müsabiqə şərtləri, magistraturalara qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu da təqdim edilib.
Bildirilib ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc olunub.
Qeyd edək ki, magistraturaya ixtisaslaşma seçimi 7-13 iyul tarixlərində, saat 23:59-dək aparılacaq.
Jurnalı Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), kitab mağazalarından əldə etmək, həmçinin www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş verməklə almaq mümkündür.