AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2025-ci ilin iyul ayına aid ilk iki nömrəsi çapdan çıxıb. Qəzetin bu saylarında həm ölkə daxilində, həm də xaricdə baş tutan mühüm elmi və akademik tədbirlər əhatəli şəkildə oxuculara təqdim olunub.
“Tehsil365 “xəbər verir ki, Qəzetin ön səhifəsində “Xankəndi öz tarixinin yeni səhifələrini yazır” sərlövhəli icmal yer alıb. Bu materialda şəhərdə baş verən ictimai, elmi və mədəni yeniliklərə dair ümumi baxış təqdim olunub.
Növbəti səhifələrdə isə “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qardaş Türkiyədə təntənə ilə qeyd edilib” rubrikası altında AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyədə keçirdiyi görüşlər geniş şəkildə işıqlandırılıb. Həmçinin “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda keçirilən beynəlxalq simpozium və akademik İsa Həbibbəylinin Özbəkistanın elmi və mədəni xadimləri ilə görüşləri barədə də geniş informasiyalar verilib.
Sayda yer alan digər məqalələr arasında “Akademik Cəlal Əliyev: Fundamental elmlə praktikanın unikal vəhdəti”, akademik Ziyad Səmədzadənin 85 illik, şair Vaqif Aslanın 75 illik yubileylərinə, türkologiya alimi Cavad Heyət və ədəbiyyatşünas Qasım Qasımzadəyə həsr olunmuş elmi sessiyalarla bağlı yazılar da diqqət çəkir.
Bundan əlavə, “Elm” qəzetinin bu buraxılışında AMEA-nın müxtəlif elmi bölmə və institutlarında keçirilmiş tədbirlər, yeni nəşrlər və elmi yeniliklərlə bağlı informativ materiallar da oxuculara təqdim olunub.
Qəzetin rus və ingilis dili bölmələrində isə akademik İsa Həbibbəylinin Türkiyəyə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumatlar, eləcə də İranın nüvə obyektlərinin radiasiya təhlükəsi mövzusunda “Далеко от наших границ” başlıqlı müsahibə dərc olunub.