Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının, eləcə də elmi müəssisə və təşkilatlarının dövlət satınalmaları ilə məşğul olan əməkdaşları üçün ilk dəfə təşkil olunan ixtisasartırma təlimləri uğurla yekunlaşıb.
“Tehsil365 “xəbər verir ki, Təlimlər AMEA və “TST Təlim və Məsləhət” MMC-nin birgə təşkilatçılığı ilə keçirilib. Bir ay davam edən tədris prosesi çərçivəsində “TST Təlim və Məsləhət” MMC-nin peşəkar mütəxəssisləri tərəfindən iştirakçılara dövlət satınalmaları sahəsində aktual mövzular üzrə nəzəri və praktiki biliklər verilib.
Təlimlərdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, satınalma planlarının hazırlanması, tender prosedurlarının mərhələləri, qiymətləndirmə meyarları, elektron satınalma sistemləri və digər hüquqi mexanizmlər barədə ətraflı məlumatlar təqdim olunub.
Təlimin sonunda iştirakçılar əldə etdikləri bilikləri imtahan vasitəsilə nümayiş etdiriblər və uğurla qiymətləndirilərək sertifikatla təltif olunublar.
Qeyd edək ki, son illərdə dövlət satınalmaları sahəsində qanunvericilikdə edilən yeniliklər bu sahədə fəaliyyət göstərən əməkdaşlardan daha yüksək peşəkarlıq və hüquqi biliklər tələb edir. Bu baxımdan, keçirilmiş təlimlər dövlət vəsaitlərinin daha şəffaf və effektiv idarə olunması baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilir.