2024-2025-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 192 Azərbaycan vətəndaşı 9 ölkənin 58 ali təhsil müəssisəsində bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.
“Tehsil365” xəbər verir ki, bu məlumat Elm və Təhsil Nazirliyinin “2024–2025-ci tədris ili rəqəmlərdə” adlı rəsmi hesabatında yer alıb.
Hesabata görə, Macarıstanda 129, Çində 28, Latviyada 8, Qazaxıstanda 9, Türkiyədə 6 (YTB xətti ilə doktorantura üzrə), Rusiyada (MGIMO) 5, Rumıniyada 2, Slovakiyada 1, Tacikistanda isə 2, ümumilikdə isə 192 Azərbaycan vətəndaşı təhsil almaq hüququ əldə edib.
Bununla yanaşı, 2024-2025-ci tədris ilində Küveyt dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 nəfər Küveyt Universitetində təqaüdlə təlim proqramında təhsil almaq hüququ qazanıb.
HTP çərçivəsində növbəti tədris ilində (2025–2026) Macarıstan, Çin, Qazaxıstan, Türkiyə, Rumıniya və Latviyada təhsil almaq üçün portal.edu.az üzərindən 600-ə yaxın müraciət daxil olub. 2025-2026-cı tədris ilində HTP çərçivəsində təhsil almaq üçün müraciət edən ərizəçilərlə təşkil edilən müsahibələrin nəticəsində 200 əsas, 68 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 268 nəfərin namizədliyi Macarıstan, 40 əsas, 5 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 45 nəfərin namizədliyi Çin, 20 nəfərin namizədliyi Türkiyə, 10 nəfərin namizədliyi Qazaxıstan, 8 nəfərin namizədliyi Rumıniya tərəfinə təqdim edilib. Həmçinin 7 nəfər Azərbaycan vətəndaşının namizədliyi Küveyt Universiteti nəzdində fəaliyyət göstərən Dillər Mərkəzində təlim proqramında təhsil almaq üçün təqdim edilib.