Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına 2024-2025-ci tədris ili üzrə müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.
“Tehsil365” xəbər verir ki, bu məlumat Elm və Təhsil Nazirliyinin “2024–2025-ci tədris ili rəqəmlərdə” adlı rəsmi hesabatında yer alıb.
Hesabata görə, seçilmiş namizədlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura, rezidentura, doktorantura təhsil səviyyələrində təhsil almaq hüququ qazanıblar.
Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində ümumilikdə 2018-2023-cü illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində xarici tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar. Qeyd olunan təhsil qrantı proqramları çərçivəsində 50-dək ölkədən 70-ə yaxın beynəlxalq tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdiriblər.