İyulun 5-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Aşura günü münasibətilə qanvermə aksiyası keçirilir.
"Tehsil365" xəbər verir ki, aksiyada Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqı iştirak edir.
Qanvermə aksiyası Aşura mərasiminin dərin mənəvi və humanist ruhunu əks etdirərək, insanlar arasında həmrəyliyin aşılanması və yardımlaşmanın önəmini təşviq etmək məqsədi daşıyır. Aksiya zamanı toplanan qan hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, bu il aksiyalar Şuşa, Ağdam şəhərləri və Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında təşkil olunur.
Vətəndaşlar aksiyaya qoşulmağa dəvət olunurlar.