İyulun 5-də Azərbaycan İlahiyyat İnstitutunda geniş miqyaslı qanvermə aksiyası keçirilib. Aksiya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
“Tehsil365” xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının üzvləri, həmçinin 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyaya qatılanlar qanvermə ənənəsinin əhəmiyyətini vurğulayaraq bu təşəbbüsün Aşura mərasiminin dərin mənəvi və humanist ruhunu əks etdirdiyini bildiriblər. Onlar həmçinin insanlar arasında həmrəyliyin və yardımlaşmanın təşviqi baxımından aksiyanın mühüm rol oynadığını qeyd ediblər.
Qanvermə prosesi Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən həyata keçirilib. Toplanan qan hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, bu gün qanvermə aksiyaları Şuşa, Ağdam şəhərləri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkənin bir çox şəhər və rayonlarında təşkil olunub.