AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən “Fəzlullah Nəimi və hürufilik hərəkatı” adlı yeni elmi kitab işıq üzü görüb.
İnstitutun "Tehsil365"ə verdiyi məlumata görə, nəşrin müəllifləri institutun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli və həmin şöbənin elmi işçiləri Elxan Quliyev ilə Röya Mirzəbəyovadır.
Monoqrafiyada XIII-XIV əsrlərdə Azərbaycandakı ictimai-siyasi vəziyyət və bu şəraitin hürufilik hərəkatının yaranmasına təsiri ətraflı təhlil olunub. Həmçinin hürufiliyin banisi, böyük mütəfəkkir Fəzlullah Nəiminin həyatı, fəaliyyəti və farsdilli mənbələr əsasında ədəbi irsi geniş şəkildə tədqiq edilib. Əsərdə hürufiliklə bağlı ilk mənbələrə də yer verilib və bu dövrdə yaşamış bir sıra Azərbaycan mütəfəkkirləri haqqında məlumat təqdim olunub.
Kitab həm Azərbaycan, həm də ingilis dilində oxuculara təqdim olunur.
Əsər ümumilikdə iki fəsil, nəticə və ədəbiyyat bölmələrindən ibarətdir. Birinci fəsildə “XIII-XIV əsrlərdə Azərbaycanda sufilik” mövzusu işlənib. Burada öncə irfan və təsəvvüf anlayışları izah edilir, daha sonra Şəms Təbrizi, Şeyx Səfiyəddin Ərdəbili, Mahmud Şəbüstəri, Əvhədi Marağalı, Hümam Təbrizi, Arif Ərdəbili, Əssar Təbrizi, Qazi Bürhanəddin və İmadəddin Nəsimi kimi görkəmli ariflər haqqında məlumat verilir. Fəslin sonunda isə hürufilik hərəkatının meydana gəlməsi və dövrün siyasi vəziyyəti kontekstində izah olunur.
İkinci fəsil “Fəzlullah ibn Əbu Məhəmməd Nəimi Təbrizi Astarabadi (1339–1401) və hürufilik hərəkatı” adını daşıyır. Bu bölmədə öncə Fəzlullah Nəiminin həyatı və hürufilik ideyaları nəzərdən keçirilir. İslam irfanında “Nəzəri” və “Əməli” irfan anlayışlarına toxunulur. Bundan əlavə, hürufiliklə bağlı yazılı qaynaqlar da təhlil olunur. Sonda isə Nəiminin şagirdləri barədə bilgilər verilir. Bu sırada onun davamçısı, İmadəddin Nəsimi, ideyalarını geniş coğrafiyada yayan Əliyyül-Əla ləqəbli Muinəddin Əbülhəsən və Anadoluda hürufiliyi təbliğ etmiş İzzəddin Əbdülməcid ibn Fereştə kimi şəxslərin adları çəkilir.