Bakı Dövlət Universitetinin (BDU) tələbə və əməkdaşları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) VII qrant müsabiqəsində qalib olublar.
Universitetdən "Tehsil365"ə verilən məlumata görə, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Hüceyrə kulturası və genom redaktəsi laboratoriyasının müdiri Qumru Hüseynovanın “Aqrar təsərrüfatla məşğul olan kiçik və orta biznes subyektlərinin torpaqsız əkin sisteminə keçidinə dəstək” layihəsi 19851 manat qrantla dəstəklənib. Layihənin məqsədi hidroponik əkin sisteminin tətbiqi ilə sahibkarların iqtisadi səmərəliliyini artırmaqdır.
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşı, Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi Nicat Həsənovun “EcoBin – dayanıqlı torpaq üçün ağıllı kompostlama” layihəsi də 18751 manat maliyyə dəstəyi ilə həyata keçiriləcək. Layihə kompost gübrələrin istifadəsi ilə torpaq sağlamlığını yaxşılaşdırmaq və kimyəvi gübrələrə ehtiyacı azaltmaq məqsədi daşıyır.
BDU-nun ICESCO-nun Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova, Sənaye kimyası laboratoriyasının müdiri Ələkbər Hüseynzadə və Biomühəndislik laboratoriyasının elmi işçisi Nurlan Əmrahovun təqdim etdiyi “Asan quraşdırıla bilən, sadə konfiqurasiyalı nanohepofilterlərin dizaynı və prototipinin hazırlanması” layihəsi isə 17223 manat maliyyə dəstəyi qazanıb. Layihənin əsas məqsədi karbon qazını tutmaq və bakterisid xüsusiyyətlərə malik ikili nanohepofilterlərin hazırlanmasıdır. Bu filtr sistemləri ekoloji və biotibbi sahələrdə müasir texnologiya kimi tətbiq oluna bilər.