Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası uğurla yekunlaşıb.
Universitetdən Tehsil365-ə bildirilib ki, bakalavriat və magistratura səviyyələrində iyun ayının əvvəlindən start verilən imtahanlar iyulun 5-dək davam edib. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik, şəffaflıq prinsiplərinə tam riayət olunub, bu məqsədlə universitet rəhbərliyi, müvafiq struktur bölmələri tərəfindən bütün zəruri təşkilati və texniki tədbirlər həyata keçirilib.
Sessiya dövründə universitetdə fəaliyyət göstərən Qərargah imtahan prosesinə fasiləsiz nəzarəti təmin edib, imtahanların gedişində yaranan bütün məsələlərə dərhal reaksiya verilib. Eyni zamanda, üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyən tələbələr üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə təkrar imtahanlar təşkil olunub.
İmtahan sessiyası müddətində fəaliyyət göstərmiş Apellyasiya Komissiyasına daxil olan şikayətlər çevik şəkildə araşdırılıb, tələbələrin müraciətlərinə ədalətli və əsaslandırılmış qərarlarla cavab verilib.
Bütövlükdə imtahanlar yüksək fəallıq şəraitində keçib və müvəffəqiyyətlə başa çatıb.