Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib.
“Tehsil365” xəbər verir ki, Şəfa Əlizadə 1986-cı il sentyabrın 9-da Salyan rayonunda anadan olub. 1993–2004-cü illərdə 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. 2009-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr, 2011-ci ildə isə magistratura pilləsini başa vurub.
2011-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktoranturaya qəbul olunub, 2017-ci ildə “Muğan düzü torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2012–2015-ci illərdə AMEA-da elmi işçi və laborant kimi fəaliyyət göstərən Şəfa Əlizadə 2015-ci ildən etibarən BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında laboratoriya müdiri vəzifəsində çalışıb. Onun elmi-tədqiqat sahəsi torpaqşünaslıq və torpaq ekologiyası olub.