Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar və Salyan rayonlarında yerləşən ümumtəhsil məktəblərində Qarabağ Universitetinin nümayəndələri ilə abituriyentlərin görüşləri keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşlərdə Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, Mühəndislik fakültəsinin tyutoru Fuad Həsənov və İncəsənət fakültəsinin assistenti Gültən Hüseynli iştirak edərək abituriyentlərə Qarabağ Universiteti haqqında ətraflı məlumat veriblər.
Çıxışlarda universitetin tarixi, mövcud fakültə və ixtisasları, müasir tədris mühiti, tələbələr üçün yaradılmış sosial-mədəni imkanlar təqdim olunub. Nümayəndələr, həmçinin qəbul qaydaları, keçid balları və universitet məzunlarını gözləyən karyera perspektivləri barədə də ətraflı danışıblar.
Qeyd olunub ki, Qarabağ Universitetində təhsil almaq tələbələrə işğaldan azad edilmiş ərazilərin bərpasında və inkişafında yaxından iştirak etmək üçün unikal imkan yaradır.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb və onlara universitetin tanıtım materialları təqdim edilib.