Azərbaycan İlahiyyat İnstitutunun elmi fəaliyyətində mühüm yer tutan “Din Araşdırmaları” jurnalının növbəti buraxılışı elektron formatda oxuculara təqdim edilib.
“Tehsil365” xəbər verir ki, jurnala məqalə qəbulu rəsmi internet saytı vasitəsilə (https://journal.ait.edu.az/daj) elektron şəkildə həyata keçirilib. Fəlsəfə, din sosiologiyası və din psixologiyası bölmələrində yer alan elmi məqalələr nüfuzlu və sahəsində peşəkar tədqiqatçılar tərəfindən təqdim olunub.
Elmi nəşrin əsas məqsədi dinin tarixi, fəlsəfəsi, sosiologiyası və psixologiyası sahəsində Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində aparılan müstəqil elmi tədqiqatları məqalə və resenziya formatında dərc edərək beynəlxalq elmi mübadiləyə töhfə verməkdir.
Jurnalın redaksiya heyətinə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İndoneziya və Malayziyada fəaliyyət göstərən tanınmış alimlər daxildir.
Nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunan hər məqaləyə təsisçi tərəfindən DOI (Digital Object Identifier) verilir. Məqalə göndərmək istəyən müəlliflər jurnalın saytında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı və yalnız sayt üzərindən müraciət etməlidirlər.
Azərbaycan İlahiyyat İnstitutunun təsisçisi olduğu “Din Araşdırmaları” jurnalı Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə və beynəlxalq standartlara uyğun olaraq ildə iki dəfə nəşr olunur. 2020-ci ildən jurnal AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən elmi jurnallar siyahısına daxildir.