Azərbaycan elminin türk xalqları arasındakı ortaq mənəvi bağlarının öyrənilib üzə çıxarılması baxımından görülən işlər ötən il də davam edib. Hətta tədqiqatların əhatə coğrafiyası daha geniş miqyas alıb. Akademiklər Nizami Cəfərov, Rafael Hüseynov, habelə Vilayət Quliyev, Azər Turan, Məti Osmanoğlu ötən il ərsəyə gətirdikləri mətnlərlə milli ictimai tərəqqinin gəlişməsində tarixi perspektivə zəmin yaradan insanların ömür yolunu, onların əsərlərindəki ideya istiqamətlərini öyrənməklə nəinki XX əsrin, hətta bu günümüzün çağdaş ölçülərinin müəyyənləşməsində mühüm missiya daşıyıcısılarına çevrilir, tarixin dərin qatlarına nüfuz edib bizim üçün toxunulmamış, yaxud yarımçıq qalan mövzuları yeni çağın problematikasına daxil edə bilirlər.
Tehsil365 xəbər verir ki, bu fikirlər filologiya elmləri doktoru Elnarə Akimovanın “Ötən ilin ədəbi yekunları – özümüzə və dünyaya deyəcək sözümüz” adlı məqaləsində yer alıb. Müəllif bildirir ki, filologiya elmləri doktoru Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifbası, imlası və ünsiyyət dili” kitabının Özbəkistanda çap olunması bu baxımdan ilin mühüm uğurları sırasında qeyd olunmalıdır. Türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, həmçinin XX əsrin başlanğıcından günümüzə qədər davam edən proseslər kitabda elmi-nəzəri aspektdə tədqiq olunur. Ötən il Türk Akademiyası Azər Turanın “Əli bəy Hüseynzadə” kitabını Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin “Ön söz”ü ilə Astanada qazax, Daşkənddə özbək dillərində nəşr edib. Bu, Əli bəy Hüseynzadəni türk dövlətlərində tanıtmaq, onun türkçülük, turançılıqla bağlı ideyalarının daha geniş auditoriyalara çatdırılması baxımından nəcib addımdır. Ötən ilin ən uğurlu ədəbi hadisələrindən biri türkoloq Xalid Səid Xocayevin tərcüməsində Mahmud Kaşğarinin “Divanü lüğat-it-Türk” əsərinin əlyazmasının Nəsimi adına Dilçilik İnstitutunda tapılması olub. Bu, ömrü repressiyanın amansız dalğasında güdaza gedən bir alimin haqqının bərpası idisə, digər tərəfdən, Azərbaycanın türkologiya elminə verdiyi böyük töhfə idi.
Məqalədə bildirilir ki, ilboyu Türk dünyasının bir sıra maraqlı şəxsiyyətləri ilə bağlı yazılan kitab və məqalələr öndə qərarlaşıb. Vilayət Quliyevin “525-ci qəzet” və “Ədəbiyyat qəzeti”ndə çap olunan məqalələri, Nadir Məmmədlinin “Ədəbiyyat qəzeti”ndə Azərbaycan ədəbi dil tarixinin həm linqvistik, həm sosial-mədəni, həm də siyasi-ideoloji baxımdan xüsusi maraq doğuran dövrlərinin təhlilini verən yazıları, İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: mərhələlər və simalar” kitabı, Əli Qafqaziyalının “Nazim Hikmət”, Asif Rüstəmlinin “Cümhuriyyət məfkurəsi” və “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı”, Bədirxan Əhmədovun üç cilddə çap olunan “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabları ötən ilin ədəbi faktları olsa da, bütünlükdə XX əsri tarixi-tipoloji vahid olaraq oxumağa imkan verən mətnlər məcmusudur.
Milli kimliyimizlə bağlı Azər Turanın ötən il çap olunmuş “Alp Ər Tonqa” kitabına diqqət yönəltməyə gərək var. Birbaşa tarix konsepti üstündə yazılan “Alp Ər Tonqa” kitabı müəllifin digər yazıları kimi ədəbi-mədəni diskursa açıqdır, bu kitabda tarixiləşmək, tarixi sabaha vurğulama məramı ilə rastlaşırıq. Bilgi və informasiyasının ağırlığına görə fərqlənən, tariximiz haqqında çeşidli yeni gerçəklər anladan, ciddi düşüncə sahiblərinin, tarixçilərin fikirlərinə istinadən böyük mətləblərdən soraq verən “Alp Ər Tonqa” mətnində qaldırılan problemlər sırasına görə düşündürür.
Azərbaycan Yaradıcılıq Fondunun ənənəvi şəkildə verilən “Ədəbiyyat adamı” mükafatı ötən il Ramiz Rövşən, Həmid Herisçi, Rüstəm Behrudi, Aydın Talıbzadə, Azər Turan, Varis, Aqşin Yenisey, Nərgiz Cabbarlı, Ulucay Akif və Etimad Başkeçidə təqdim olunub.
Ötən ilin Gənclər üçün ayrılmış Prezident mükafatı 2 Fevral – Gənclər Günündə Ulucay Akifə verilib. İlboyu Məmməd İsmayılın 80, Hüseyn Arifin 100, Zəlimxan Yaqubun 75 illiyi geniş şəkildə qeyd olunub. Baba Vəziroğlu 70 yaşı münasibətilə “Şərəf” ordeni ilə təltif edilib.
2024-cü il yazıçılarımızın əsərlərinin xarici ölkələrdə çap edilməsi baxımından əlamətdar olub. Xalq yazıçısı Elçinin “Teleskop. Teatro oyunları” kitabı Türkiyədə nəşr edilib. Kitaba Elçinin “Teleskop”, “Mənim sevimli dəlim”, “Şekspir” və “Cəhənnəm sakinləri” pyesləri daxil edilib. Əsərləri türkcəyə tanınmış yazıçı Orxan Araz çevirib. Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: mərhələlər və simalar” monoqrafiyası da ötən il Türkiyədə çap olunub. Qardaş ölkə ilə elmi əlaqələrimizin yeni bir səhifəsi kimi də əhəmiyyət daşıyan bu nəşrin elmi redaktoru professor Yavuz Akpinardır. Yazıçı Novruz Nəcəfoğlunun ötən il “Bəmbəyaz keçiddə”, “Unutmadığım gün”, “Qaranlıq gecənin səsləri” əsərləri Türkiyə türkcəsində (İmdat Avşarın tərcüməsində) işıq üzü görüb. Bu kitabların hər biri İstanbul Valiliyi tərəfindən şəhər kitabxanalarının fondlarına daxil edilib. “Bəmbəyaz keçiddə” kitabı isə Türkiyə universitetlərinin ədəbiyyat fakültələrində oxu materialı kimi istifadə olunmaq üçün qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifarişlə alınıb. Yazıçı-dramaturq Elçin Hüseynbəylinin ötən il İranda hekayələr kitabı çap olunub. “Babam, nənəm və kommunizm” adlı toplunun tərtibçisi və naşiri Əlyar Poladdır. Qeyd edim ki, bu, yazıçının qonşu ölkədə nəşr olunan üçüncü kitabıdır.
Ötən il, həmçinin yazıçı Mənzər Niyarlının Türkiyənin Ankara şəhərində “Dügün gününün sabahı” adlı hekayələr kitabı nəşr olunub. On yeddi hekayədən ibarət kitabın redaktoru Avrasiya Yazarlar Birliyinin rəhbəri Yakup Öməroğludur. Hekayələri Türkiyə türkcəsinə Ege Universitetinin doktorantı Zeynep Yıldırım çevirib. Uğurlu nəşrlərdən biri də tanınmış tərcüməçi, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri” kitabı olub. Nəşrdə Seyfəddin Hüseynlinin dünya ədəbiyyatından seçərək ana dilimizə çevirdiyi hekayələr, esse və söhbətlər yer alıb ki, onlarla tanışlıq oxucuya həyata, insana, ədəbiyyata, incəsənətə münasibətdə fərqli rakursdan yanaşmaq imkanı verir, həmçinin müxtəlif tarixi, ictimai, ədəbi-mədəni məsələlərlə bağlı tanınmış yazıçıların fikir və mülahizələrini öyrənmək imkanı yaradır.
Keçən il “Mücrü” nəşriyyatında XX-XXI əsr çeçen şeirinin bütün ədəbi nəsillərini təmsil edən, hər bir müəllifdən bir şeir olmaqla 41 şairin əsərini çevrələyən “Ərənlərin nəğməsi. Çeçen şeirindən seçmələr” toplusu işıq üzü görüb.
Hər il olduğu kimi, ötən ildə də müsabiqələr keçirilib. 2024-cü ilin noyabrında “TEAS –Press” Nəşriyyat Evi ikinci dəfə “Gənclərin roman müsabiqəsi”ni keçirib və 10 imzanın mətni dəyərləndirilənlər sırasında olub: Mahir Abbasov “Şərin qürubu”, Orxan Həsənli “Berlindəki xarıbülbül”, Pərvin İsmayılov “İlğım”, Fatimə Qədirzadə “Qarabağ çiçəyi”, Hüseyn Qəhrəmanov “Görünməyən rəng”, Fərid Məhərrəmli “Əmanət”, Samir Məmmədov ”Zona”, Gülü Mustafayeva “Yolçu ruhlar”, Vasif Zahidov “Sonuncu istintaq” əsərləri ilə ədəbi prosesə yeni adlar və maraqlı mövzularla daxil ola biliblər.
Ötən il AMEA-nın beynəlxalq arenada qurulan əməkdaşlıqların ili kimi yadda qalıb. Ölkə rəhbərinin Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı Sərəncamından irəli gələrək görülən işlər sırasında “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr”, AMEA Rəyasət Heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfranslar, “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans, III Türk dünyası Ədəbiyyat və Kitab festivalında “Məhəmməd Füzuli-530” paneli və digər tədbirlər həm Füzulini yenidən dünyaya Azərbaycan şairi kimi tanıtmaq, həm də qardaş ölkələrlə ədəbi münasibətləri dərinləşdirmək məramıdır.
2024-cü il ədəbiyyatda çoxsəsliliyin, mədəni keçidlərin və daxili dünyaların ili olub. Azərbaycan ədəbiyyatı getdikcə qloballaşan, eyni zamanda, yerli köklərə söykənən bir istiqamətə doğru inkişaf edir. Yeni nəslin ədəbiyyata gətirdiyi dil, forma və üslub yenilikləri bu mənzərənin əsas rənglərindən biridir. Ötən il ədəbiyyatda daha çox gənclərin sözü kimi yadda qalıb. Gənc və orta nəsli təmsil edən yazıçı və şairlər ard-arda maraqlı bədii mətnlər meydana qoyublar.
Orxan Həsəninin “Müharibəni gözləyərkən”, Vüqar Vanın “Hardasa, olardı 13-14 yaşım” adlı yeni romanları, Həmid Herisçinin “İki səmanın qartalı” kimi modern və postmodern üslubda yazılan hekayələri, Təvəkkül Boysunarın “Sonuncu aşiqlik” adlı hekayələr kitabı şəxsi təcrübələrin bədii dillə birləşdiyi uğurlu nümunələr kimi diqqəti cəlb edir.
Poeziyamızda da diqqətçəkən yeni kitablar olub. Ötən il şair Vaqif Bayatlı Odərin “Türkün şərəfli oğlu”, “Göy üzünə yazılanlar”, “Göy üzüylə söhbətlər” və “Biblioqrafiya” kitabları tam şəkildə hazırlanaraq şair Fərid Hüseynin tərtibat və redaktorluğu ilə işıq üzü görüb.
Şair, yazıçı Rasim Qaracanın “Yepyeni şeirlər” kitabı çap olunub. Həmin kitabda müəllifin son iki ildə qələmə aldığı şeirləri toplanıb. Şeirlər toplusundakı illüstrasiyaları Rasim Qaraca ərsəyə gətirib. Qulu Ağsəsin ötən il çap olunan və haqqında çox yazılan “Görsən üşüyürsən…” adlı şeirlər kitabında şairin işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri öndə qərarlaşıb. Ulucay Akifin “Adını unutduğum qadınlar”, İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeir kitablarında yer alan yeni və köhnə şeirlərin mövzu çaları dəyişməzdir: fəlsəfi, vətənpərvərlik, sevgi və tənhalıq mövzuları!
Ötən il haqqında çox danışılan kitablardan biri Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və nitq-dil” adlı kitabı olub. Bu kitabda qeyri-səlis məntiq nəzəriyyəsi ilk dəfə olaraq, dilçilik obyekti olan dilə - nitqə tətbiq edilir. Qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini önə çəkən bu kitab Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olaraq gələcək tədqiqatlar üçün zəmin yaradır.
2024-cü ildə şair, yazıçı Rəşad Məcidin 60 illik yubileyinə həsr olunmuş “Ağ adam” kitabı işıq üzü görüb. Akademik İsa Həbibbəylinin “Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsi ilə açılan kitabda bir çox qələm adamlarının yazıları yer alıb. Rəşad Məcid haqqında ötən il daha bir kitabı yazıçı, publisistlər Şahanə Müşfiq və Şəfa Vəli ərsəyə gətirib. “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” adlı kitabda onun yaradıcılığı və şəxsiyyəti haqda müxtəlif yönlərdən yanaşmalar meydana qoyulur.
Şair İlham Qəhrəmanın “Laçın lətifələri” və “Dəyirmanın su dərdi” kitabları da ötən il çap olunan nəşrlər sırasındadır.
Bütün bu faktlarla yanaşı, 2024-cü il əsasən, nəsrimizdə maraqlı hekayə və hekayə kitablarının nəşri ili kimi yadda qalıb. Anarın “Qatardan qalan adam”, Şərif Ağayarın “Qayıdış”, Həmid Herisçinin “Quşqovanlar diriləndə”, Mübariz Örənin “Çinar yazıları”, Nərmin Kamalın “Qarovulçunun oğlu”, Təranə Vahidin “Gümüş durnalar”, Mahirə Nağıqızının “Mənim çəkmələrim”, İmamverdi İsmayılovun “Bayquş və qarovulçu”, İlham Əzizin “Krossvord”, Samirə Əşrəfin “Divanın altı”, Əli Novruzovun “Sonuncu barista”, Alpay Azərin “Bubu və qatar”, “Məhkəməsiz”, Ulucay Akifin “Piterə həmişə qar yağır”, “Nərgiz”, Nizami Hüseynovun “Ağ nar”, Orxan Saffarinin “Əjdər”, Orxan Həsəninin “Anka”, Tural Turanın “Xalça oğrusu”, Nihat Pirin “Ad günü”, Furqanın “Gürcü” hekayələrinin bir qisminin il “Kulis.az” saytında müzakirəsi təşkil olunub, bir qismi haqqında isə “Ədəbiyyat qəzeti”ndə il boyu Nizami Cəfərov, Cavanşir Yusifli, Mətanət Vahid, Ülvi Babasoy, Elnarə Qaragözova, Təvəkkül Boysuların məqalələri işıq üzü görüb.