Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanovun iştirakı ilə “Nüfuzlu elmi jurnalın hazırlanması yolları” mövzusunda seminar təşkil olunub.
Bu barədə Tehsil365 -ə universitetdən məlumat verilib. Bildirilib ki, seminarın məqsədi elmi tədqiqatların keyfiyyətinin artırılması, gənc tədqiqatçıların təşviqi və beynəlxalq səviyyədə yayım imkanlarının genişləndirilməsidir.
Tədbidə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, elmin inkişafı və biliklərin paylaşılmasında nüfuzlu elmi jurnallar mühüm rol oynayır: “Yüksək impakt faktorlu jurnallarda dərc olunan tədqiqatlar həm universitetlərin beynəlxalq reytinqlərdə mövqe qazanmasına, həm də dövlətin elm siyasətinin qlobal elmi ictimaiyyətdə tanınmasına ciddi töhfə verir. Universitet olaraq məqsədimiz elmi fəaliyyətin keyfiyyətini yüksəltmək, gənc tədqiqatçılara dəstək vermək və elmi nəticələrin beynəlxalq platformalarda yayımlanmasına şərait yaratmaqdır. Bu baxımdan Riyaziyyat və Mexanika İnstitutunun 3 nüfuzlu elmi jurnal təcrübəsi bizim üçün maraqlıdır”.
Professor Misir Mərdanov çıxışında yalnız nüfuzlu elmi jurnalların hazırlanması yollarını deyil, həm də elmi nəşrlərin Azərbaycanda və dünyada keçdiyi tarixi inkişaf mərhələlərini və müasir elmi kommunikasiya modellərini iştirakçılarla bölüşüb. Alim qeyd edib ki, elmi jurnalların əsası Avropada XVII əsrdə qoyulub və həmin ənənə bu gün də davam etdirilir. Azərbaycanda isə elmi nəşrçilik ənənələrinin XIX əsrin sonlarına təsadüf etdiyini deyən professor son illərdə bu sahədə ciddi irəliləyişlərin baş verdiyini bildirib.
Seminarda elmi jurnalların indeksləşdirildiyi əsas beynəlxalq bazalar – “Web of Science”, “Scopus”, “Google Scholar”, DOAJ və digər platformalar haqqında ətraflı məlumat verilib. Alim H indeksi, impakt faktor, “cite score”, Q1–Q4 kvartilləri kimi göstəricilərin elmi məqalə və jurnalların nüfuzunu qiymətləndirməkdə əsas meyarlar olduğunu xüsusi vurğulayıb: “Bu göstəricilər təkcə statistik rəqəmlər deyil, həm də tədqiqatın keyfiyyətini, mövzunun aktuallığını və elmi ictimaiyyət tərəfindən nə dərəcədə istinad edildiyini göstərən mühüm siqnallardır. Universitetlərin və ölkələrin elmi nüfuzunun artırılması üçün bu parametrlərə xüsusi diqqət yetirilməlidir”.
Tədbirdə, həmçinin jurnalın redaksiya heyətinin formalaşdırılması, rəy prosesinin şəffaf və obyektiv təşkili, beynəlxalq müəllif və oxucu auditoriyasının cəlb edilməsi, plagiatla mübarizə və jurnalların ingilis dilində dərc olunmasının zəruriliyi kimi məsələlərə dair praktik tövsiyələr səsləndirilib.
Daha sonra sual-cavab və müzakirə sessiyası olub. AzMİU əməkdaşları beynəlxalq standartlara uyğun elmi jurnal yaradılması istiqamətində texniki və strateji məqamlarla bağlı fikir mübadiləsi aparıblar.