Bakı şəhərində abituriyentlər üçün Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin rəhbər heyətinin iştirakı ilə növbəti təbliğat görüşləri təşkil olunub.
“Tehsil365” xəbər verir ki, yüksək bal toplayan abituriyentlərin qatıldığı görüşdə nümayəndələr bildiriblər ki, 2025/2026-cı tədris ilindən etibarən universitetdə Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültədə beynəlxalq təcrübəyə əsaslanan kompetensiya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi nəzərdə tutulur.
Qeyd olunub ki, qarşıdakı tədris ili üçün Tibb (müalicə işi) ixtisası üzrə 70, Tibb bacısı (qardaşı) üzrə isə 30 plan yeri ayrılıb. Fakültə heyəti müasir təhsil modeli ilə tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirmək, fənlərarası yanaşma ilə multidissiplinar düşüncə tərzini formalaşdırmaq imkanlarından danışıblar.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.