Gəncə şəhərində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil olunub. Təlimin əsas məqsədi təhsil işçilərində antikorrupsiya davranışlarının formalaşdırılması, peşə hazırlığının artırılması və təcrübədə qarşılaşılan problemlərin aradan qaldırılmasıdır.
“Tehsil365” xəbər verir ki,təlimdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdir müavini Xəqani Qurbanov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, həmçinin Gəncə, Daşkəsən və Goranboy rayonlarından prokurorluq nümayəndələri və bir sıra məktəb direktorları iştirak ediblər.
Baş Prokurorluğun əməkdaşları tərəfindən “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlər”, “Korrupsiyanın cəmiyyətə təsiri və mübarizənin zəruriliyi”, “Preventiv tədbirlərin əhəmiyyəti” kimi mövzularda çıxışlar edilib. Təlim interaktiv şəkildə aparılıb, iştirakçıların sualları cavablandırılıb.