Odlar Yurdu Universitetində Elmi Şuranın 10-cu iclası təşkil olunub. İclasa universitetin rektoru, professor Əhməd Vəliyev sədrlik edib və gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.
“Tehsil365” xəbər verir ki, iclasın əvvəlində universitetin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayevin vəfatı ilə əlaqədar onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələri, struktur bölmələrin illik fəaliyyət hesabatları və pedaqoji, istehsalat təcrübəsinin yekunları müzakirə olunub. Həmçinin, yeni tədris ili üçün universitet strukturunun təsdiqi məsələsi gündəlikdə yer alıb.
İclasda 2025/2026-cı tədris ili üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul planı təsdiq edilib. “Məktəbəqədər təhsil” ixtisasının proqram akkreditasiyası və “Beynəlxalq münasibətlər və turizm” kafedrasının müəllimi Nərgiz İlham qızı Məmmədzadə tərəfindən hazırlanmış “Qonaqpərvərlik və yemək mədəniyyəti” adlı dərs vəsaiti də diqqətə alınıb.
İclasın sonunda 2024/2025-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilərək müvafiq təklif və qərarlar qəbul olunub.