Gəncə Dövlət Universitetində (GDU) “Gənc alimlərin” “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi konfransı keçirilib.
GDU-dan “Tehsil365”-ə bildirilib ki, konfransı universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanmasından və ümumxalq səsverməsi ilə qəbul olunmasından danışıb. Qeyd edilib ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib.
Konfransda Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə çıxış edərək bildirib ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Gənc alimlərin” elmi konfransını keçirməkdə məqsəd gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirməkdir.
İnnovasiyalar Departamentinin şöbə müdirləri, Nizami Gəncəvi adına Gənc Alimlər Şurasının sədri Aynur Qasımova, Razim Əliyev də çıxış edərək, gənc alimlərə tövsiyələrini veriblər.
Konfransda gənc alimləri maraqlandıran suallar cavablandırılıb. Daha sonra gənc alimlərin məruzələri bölmələr üzrə dinlənilib