Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev Koreyanın INHA Universiteti ilə birgə icra olunan ikili diplom proqramı (BMU-INHA İDP) çərçivəsində tələbələr üçün yay məktəbində tədrisə cəlb edilən koreyalı müəllimlərlə görüşüb.
Universitetdən Tehsil365-ə bildirilib ki, rektor görüşdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini, bu proqramın tərkib hissəsi olan BMU-INHA İDP-nin yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət etdiyini vurğulayıb. Bildirib ki, ötən il proqramdan 61 tələbə məzun olub, bu il isə 82 tələbə proqramı başa vurub və onlar üçün iyulun 17-də “Məzun günü” keçiriləcək. Yaqub Piriyev proqramın tələbələrə gərəkli bilik və bacarıqlar qazandırdığını deyərək, INHA Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürünü bildirib. BMU və INHA arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini önə çəkən rektor ötən il bu məqsədlə imzalanan Niyyət Məktubuna toxunub. Sənədin yüksək akademik göstəricilərə malik proqram məzunlarının 10 faizinə INHA Universitetinin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayrılmasını nəzərdə tutduğunu xatırladan Yaqub Piriyev artıq məzunlardan təqaüd qazananlar olduğunu diqqətə çatdırıb.
Rektor ənənəvi yay məktəbinin təhsilalanların savad və təcrübələrinin artırılmasında müsbət rol oynadığını söyləyib.
INHA Universitetinin müəllimləri yay məktəbi üçün yaradılan əlverişli şəraitə görə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, 15 nəfərlik professor-müəllim heyəti artıq müxtəlif fənnlər üzrə tədrisə başlayıb və nəzəri, təcrübi biliklərin artırılmasına xidmət edən bu dərslərə tələbələr tərəfindən böyük maraq göstərilir. Azərbaycanlı tələbələrə bilik öyrətməkdən məmnunluqlarını dilə gətirən INHA müəllimləri ölkəmiz haqqında xoş təəssüratlarını da bölüşüblər.