Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, iyulun 11-də Şəmkir şəhərində “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Tədbirdə Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Xəqani Qurbanov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə rəis müavini Kamil Kamilli, böyük prokuror Ziya Hacıyev, Şəmkir rayon prokuroru Azər Hətəmov, prokuror İlkin Babazadə, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və digər rəsmi şəxslər iştirak ediblər.
Təlimdə korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi və institusional yanaşmalar, preventiv tədbirlərin əhəmiyyəti və təhsil sahəsində korrupsiya hüquqpozmalarının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin vacibliyi vurğulanıb.
Çıxışlar zamanı korrupsiyanın cəmiyyətə təsiri, antikorrupsiya strategiyalarının tətbiqi və qabaqlayıcı tədbirlərin effektivliyi barədə geniş məlumat verilib. Tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.