İyulun 14-də Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin sədrliyi ilə növbəti Elmi Şura iclası keçirilib.
“Tehsil365” xəbər verir ki, iclasın açılışında çıxış edən rektor Anar Nağıyev 2024/2025-ci tədris ili ərzində universitetin əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. O, “BSU-2030” Strateji İnkişaf Planı çərçivəsində görülən işlər, mövcud vəziyyət, əldə olunan nəticələr və qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib. Rektor həmçinin növbəti tədris ili üçün planlaşdırılan fəaliyyət istiqamətləri və dillərin tədrisi üzrə universitetin orta və uzunmüddətli hədəflərini açıqlayıb.
İclasda 2024–2025-ci tədris ilinin yaz semestri üzrə yay imtahan sessiyasının yekunları, “BSU-2030” planından irəli gələn “Fəaliyyət Planı” və Elmi Şuranın yeni tədris ili üçün “İş Planı”nın icra vəziyyəti müzakirə olunub. Bununla yanaşı, yay semestrinin təşkili və həyata keçirilməsi ilə bağlı məsələlərə də toxunulub.
Tədbirdə Xarici dil müəllimliyi fakültəsinin illik hesabatı təqdim olunub və yeni “Müasir dillər fakültəsi”nin yaradılması ilə bağlı qərar qəbul edilib. Fakültənin strukturu və fəaliyyət prinsipləri barədə də ətraflı müzakirələr aparılıb.