Çərşənbə günüydü...
Günəş eyni doğmuşdu, külək eyni əsmişdi. Kəndin içində həyat sakit axırdı. Amma bir anın içində hər şey dəyişdi. Şirvan kanalının o gözəgörünməz axını bu dəfə kəndimizin daha bir gəncini — Süleymanlı Dəniz Nəsib oğlunu bizlərdən aldı. Bizi yandırıb-yaxan o xəbər yenə gəldi: “Dəniz batıb...”
Həmin an... elə bil bütün kənd dondu.
Hər evin içində eyni sual: “Yenəmi?” Hər pəncərədən baxan eyni gözlər, eyni qorxu, eyni sarsıntı. Bəli... bu, 7 ay əvvəlki ağrının eynisi idi. Zakirli Vüqar Nurlan oğlu da eyni gündə, eyni saatda, eyni suda, eyni səbəbdən getmişdi. Çərşənbə günü idi. Hər çərşənbə indi bizə yara açır...
Sanki Dənizlə Vüqar bir-birlərini çağırmışdılar, sanki bu su, bu sakit görünən kanal bir növ lənət idi bizim kəndin üstünə. Kəndin qocaları susdu, analar ağladı, uşaqlar qorxdu... Qoşaqovaq yenə yasa büründü...
Bu gün Dənizin adını qürurla çəkirik, çünki o, Alpatut idman növü üzrə Respublika çempionu idi. O, kəndin fəxri idi. Onun şəkli var idi, medalları var idi, arzuları var idi... Amma indi yalnız “vardı” deyə bilirik... Həyat çox qəribədir — bəzən elə kədərli misralar yazmalı olursan ki, "Kaş istedadım olmazdı və bu məsuliyyətli işi ürək yanğısı ilə yerinə yetirməzdim" deyirsən.
Dəniz qardaşımız sakit idi, mərifətli idi, salamını əsirgəməzdi. İdman zalında necə fədakarlıqla çalışırdısa, evdə də bir o qədər qayğıkeş idi. Ailəsi üçün həm oğul idi, həm ümid. Ata, ana, bacı və iki qardaş — indi bu beş nəfər, beş dağ olmuşdu. O dağların üstündə Dənizin yoxluğu sanki daimi bir kölgə kimi qalacaq...
Vüqarla Dəniz... bu iki ad artıq kənd tarixinin acı bir səhifəsinə yazıldı. İki dost, iki qardaş kimi eyni suya qərq oldular. Onları ayıran 7 ay, bir kanal və bir lənət idi sanki. Kənd bu iki oğulu eyni cür ağladı — çırpınan ürəklə, boğulan səsiylə, susan diliylə...
Bəs niyə bu kanal qorunmur? Niyə bu sulara bir əngəl qoyulmur? Niyə eyni ssenari yenidən və yenidən yaşanır? Cavab yoxdur. Şirvan suyunda qurbana çevrilənlər bu kəndin yaddaşında, bizim göz yaşlarımızda, qəlbimizdə daim yaşayacaqlar.
Ruhun şad olsun, Vüqar... Ruhun şad olsun, Dəniz...
Məmmədli Maarif, BDU jurnalistika fakültəsinin tələbəsi.