Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi fəaliyyəti dövründə ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb.
“Tehsil365” "Azərbaycan müəllimi"nə istinadən bildirir ki, məsələ ilə bağlı LDPTM-nin direktoru Afər Kərimov məlumat verib.
Onun sözlərinə görə, 2017-ci ildə Lənkəranda peşə təhsili alan qızların sayı olduqca az olduğu halda, bu il göstəricinin getdikcə artaraq 50 faizə çatması xüsusi nailiyyətdir: “2024-2025-ci tədris ilində mərkəzin ümumi məzun sayı 352 nəfər olub. Bu il LDPTM-ni texniki peşə təhsili üzrə 319 nəfər, ilk peşə təhsili üzrə 33 nəfər bitirib. Onların 174 nəfəri (49.4 faizi) kişi, 178 nəfəri (50.6 faiz) isə qadındır".
Afər Kərimov əlavə edib ki, növbəti tədris ilindən yeni binada fəaliyyət göstərəcək LDPTM-yə tələbə qəbulu üçün 45 ixtisas üzrə 900 plan yeri ayrılıb.