Milli mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə Naftalan Şəhər İcra Hakimiyyətində ölkəmizin aparıcı bir qrup media nümayəndələri ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə icra başçısı, ŞİHB aparatının məsul əməkdaşları, regionun mətbuat nümayəndələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İcra başçısı tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin vurğulayıb ki, bu il 150 illik yubileyi qeyd olunan Azərbaycan Milli Mətbuatı xalqımızın maariflənməsi, milli ideyaların təbliği və cəmiyyətin formalaşmasında mühüm rol oynayıb.
Qeyd olunub ki, Şəhər İcra Hakimiyyəti hər zaman kütləvi informasiya vasitələri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir. Media ilə qurulan bu əməkdaşlıq ictimai rəyin düzgün formalaşdırılması və şəffaf idarəçiliyin təmin olunmasında mühüm rol oynayır.
Media nümayəndələrinə peşə bayramları münasibətilə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Çıxış edən mətbuat nümayəndələri diqqətə çatdırıblar ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin azad və maneəsiz fəaliyyət göstərməsi üçün yaradılan əlverişli şəraitdən bəhs ediblər. Onlar qeyd ediblər ki, Azərbaycan mətbuatı dövlət tərəfindən göstərilən ardıcıl və məqsədyönlü dəstək sayəsində davamlı inkişaf yolu keçir. Media sahəsində həyata keçirilən islahatlar, göstərilən yüksək diqqət və qayğı jurnalistlərin peşəkar fəaliyyətinə geniş imkanlar yaradıb. Bu münasibətlə mətbuat nümayəndələri ölkə Prezidenti İlham Əliyevə səmimi minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Naftalan neftinə və onu dünyada tanıdan Beynəlxalq Turizm Mərkəzi Naftalana həsr olunmuş “Naftalan - Möcüzəni Hiss Et” adlı yeni çapdan çıxmış kitab ilk olaraq mətbuat nümayəndələrinə təqdim olunub.
Sonda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri Fəxri fərmanla təltif olunub, xatirə hədiyyələri təqdim edilib.