İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 150 ili tamam olur. Bu, təkcə jurnalistika tariximiz üçün deyil, ümumən milli düşüncəmiz və ictimai şüurumuzun inkişafı baxımından çox mühüm hadisədir. Məlumdur ki, Azərbaycanda milli mətbuatın təməli 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyulub. Elə həmin gündən etibarən mətbuatımız keşməkeşli, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, xalqın maariflənməsində, milli kimliyin formalaşmasında, söz azadlığının təşviqində müstəsna rol oynayıb.
Bu fikirləri “Tehsil365”-ə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov bildirib.
O qeyd edib ki, milli mətbuat tarixində elmi jurnalistikanın da xüsusi yeri vardır. Xüsusilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidməti və media resursları onilliklər boyu elmin geniş kütlələrə çatdırılmasında, elmi düşüncənin cəmiyyətə inteqrasiyası istiqamətində mühüm vəzifələr yerinə yetirib.
“Hazırda AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi bu missiyanı yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirir. Şöbə ölkədə elmi informasiya təminatının mühüm mərkəzlərindən birinə çevrilərək, cəmiyyətin elmi məlumatlara çıxış imkanlarını daha da genişləndirməkdədir. Məlumdur ki, ölkəmizdə mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib, media vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bu sahədə fəaliyyətini uğurla davam etdirir. Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, jurnalistika sahəsində problemlərin həlli istiqamətində atdığı addımlar, qəbul etdiyi əhəmiyyətli fərman və sərəncamlar medianın fəaliyyətinin genişlənməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub”, - deyə Ağahüseyn Şükürov vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru onu da bildirib ki, Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin geniş qeyd olunması haqqında Sərəncam imzalayıb. 2025-ci il ölkədə həm də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd olunması ilə əlamətdardır. Həm AMEA-nın yubileyi, həm də milli mətbuatımızın 150 illiyi ölkəmizin intellektual və ictimai-mədəni inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir: “Cari il martın 18-də isə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə komissiya yaradılıb və Tədbirlər planı müəyyən edilib. Bu istiqamətdə qəbul edilən qərarlar AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin qarşısına da mühüm, daha məsuliyyətli vəzifələr qoyub”.
AMEA rəsmisi bildirib ki, şöbələri dövri nəşrlər sektoru və Elektron informasiya sektoru olmaqla bir neçə istiqamətdə fəaliyyət göstərir. Burada AMEA-nın ölkə və beynəlxalq səviyyəli nüfuzlu elmi qurumlarla əməkdaşlığı və elm sahəsində birgə fəaliyyətin təşkili, akademiyanın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələrinin qurulması, AMEA-nın ictimaiyyətlə və media vasitələri ilə münasibətlərinin təşkili, akademiyanın tədbirlərində yerli və xarici media nümayəndələrinin iştirakının təmini istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu fəaliyyətlər çərçivəsində azərbaycançılıq ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin yaşadılması da mühüm yer tutur.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin fəaliyyətinə xüsusi önəm verir, şöbənin həyata keçirdiyi tədbirləri daim diqqət mərkəzində saxlayır. AMEA prezidentinin bilavasitə rəhbərliyi ilə müasir dünya reallıqlarına və ölkə Prezidentinin çağırışlarına əsaslanan yeniləşmə prosesləri və islahatlar, humanitar və ictimai elmlər sahəsinin inkişafı istiqamətində əldə olunan nailiyyətlər, mühüm elmi nəticələr, akademiyanın beynəlxalq əlaqələri və s. AMEA-nın media orqanları vasitəsilə hərtərəfli şəkildə işıqlandırılır, cəmiyyətdə böyük maraq doğurur.
Bundan başqa, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və akademiyanın digər rəhbər şəxslərinin mediada çıxışlarını, mətbuat konfranslarını, ictimaiyyətlə görüşlərini təşkil etmək, əlaqələndirmək, AMEA-nın prezidentinin, vitse-prezidentlərin, institut və müəssisə direktorlarının işgüzar xarakterli səfər və görüşlərini ictimaiyyətə çatdırmaq da şöbənin fəaliyyət istiqamətlərinə daxildir.
“Məlumdur ki, Azərbaycanın ilk veb-saytı olan science.gov.az 1995-ci ildən etibarən fəaliyyət göstərir. Bu il fəaliyyətə başlamasının 30-cu ilini qeyd edən science.gov.az-ın ölkəmizdə elmi jurnalistikanın inkişafında müstəsna xidmətləri vardır. Azərbaycan, rus və ingilis dillərində yayımlanan portal haqlı olaraq müasir dövrün “Elektron Əkinçi”si hesab olunur. Ölkəmizdə elm sahəsində həyata keçirilən dövlət siyasətinin əsas informasiya mənbəyi kimi dövlətin elm sahəsindəki strateji siyasətini və bu istiqamətdə atılan mühüm addımları ictimaiyyətə ötürür. Burada AMEA-nın institut və təşkilatlarının fəaliyyətinə dair analitik məqalələr, mühüm elmi nailiyyətlər, müxtəlif səpkili tədbirlər işıqlandırılır. Bundan əlavə, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi elmin təbliği istiqamətində müxtəlif multimedia imkanlarından istifadə edir. Şöbə tərəfindən idarə olunan akademiyanın yutub kanalı, feysbuk səhifəsi, “X” platforması gündən-günə yenilənir, əhatə dairəsi genişləndirilir və beynəlxalq arenaya çıxış imkanları artırılır”, - deyə Ağahüseyn Şükürov vurğulayıb.
AMEA dosentinin sözlərin görə, “Elm TV” vasitəsilə aparıcı alim və ziyalılar, gənc tədqiqatçılarla müsahibələr yayımlanır, onlar cəmiyyətə tanıdılır, mühüm elmi nəticələr və beynəlxalq əməkdaşlıq əlaqələrinə dair məlumatlar işıqlandırılır. İnteraktiv formatda təqdim olunan videomüsahibələr və elm sahəsində baş verən dəyişikliklərə dair hazırlanmış süjetlər, elmi biliklərin vizual və daha cəlbedici formada çatdırılmasına imkan yaradır. Bu da cəmiyyətin elmə marağının artırılmasına, elmi biliklərin geniş auditoriyaya təqdim olunmasına xidmət edir: “Şöbə tərəfindən hazırlanan “Elm və həyat” elmi-populyar jurnalı isə 1961-ci ildə təsis olunub. Fəaliyyət göstərdiyi 65 il ərzində jurnal Azərbaycan elminin tanıdılmasında, elmi biliklərin geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynayıb. Jurnal bu gün də Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası, eyni zamanda, fizika, kimya, astronomiya, kibernetika və s. elm sahələrinə aid yeni məlumatları, əldə edilmiş mühüm elmi nəticələri, dünya elmi yeniliklərini, müxtəlif elm sahələrinə aid tədqiqat materiallarını oxuculara təqdim edir”.
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Наука”, “Science”) qəzeti də nəşrə başladığı 1984-cü ildən elmin təbliği istiqamətində və elm ictimaiyyəti ilə cəmiyyət arasında intellektual körpü rolunu uğurla yerinə yetirir. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən nəşrdə akademiyanın müxtəlif institutlarında və elmi müəssisələrində əldə olunan elmi-tədqiqat nəticələri, ixtiralar və digər yeniliklər haqqında məlumatlar verilir. Görkəmli alimlərlə müsahibələr, onların elmi irsi və fəaliyyəti barədə məqalələr, eyni zamanda, tanınmış alimlərin həyat və yaradıcılıq yolu ilə bağlı materiallar yer alır.
“Azərbaycan mətbuatının 150 illik yubileyi ərəfəsində əminliklə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının mətbu orqanları da bu sahənin inkişafına əhəmiyyətli töhfələr verir. AMEA-nın mətbu nəşr və informasiya yayım fəaliyyəti təkcə elmin təbliği ilə məhdudlaşmır, eyni zamanda, milli mətbuatın peşəkarlaşması, intellektual məzmunla zənginləşməsi və cəmiyyətin maariflənməsi istiqamətində mühüm rol oynayır. Bu mənada AMEA-nın media təmsilçiləri olaraq biz də milli mətbuatımızın yubileyini qürurla qeyd edirik. Şöbəmizin əməkdaşlarından İlham Alıyev, Nərgiz Qəhrəmanova, Qaliyə Əliyeva, Nəzmin Cəfərova, Ruslan Kərimov, Sərvan Kərimov, Şamama Qəhrəmanova, Leyli Namiqqızı, Reyhan Məcidli, Aqil Məhərrəmov, Fərid Həşimov, Xaqani Rzaquliyev, AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələrə məsul şəxslərindən Vüsalə Rafiqqızı, Vüqar Məmmədov, Gülnar Səma, Sevda Mehrəliyeva, Mina İbrahimova, Zakir Muradov və başqaları bu gün Azərbaycanda elmi jurnalistikanın fəal nümayəndələri kimi tanınırlar. AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi olaraq bundan sonra da böyük inamla fəaliyyətimizi davam etdirmək, elmin təbliği, elmi biliklərin cəmiyyətə çatdırılması və elm ilə ictimaiyyət arasında sağlam informasiya körpüsünün qurulması istiqamətində səylərimizi daha da gücləndirmək əzmindəyik”, - deyə Ağahüseyn Şükürov qeyd edib.