Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirib.
DİM-dən “Tehsil365”ə bildirilib ki, imtahan vermək üçün 1580 nəfər qeydiyyatdan keçib. Onlardan 1499-u imtahana gəlib. İmtahanın nəticələrinə əsasən, 1154 nəfər tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahan zamanı sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İyulun 23-24-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50