Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb. Nəticələr artıq qurumun rəsmi internet saytında yerləşdirilib (www.dim.gov.az).
Tehsil365 www.dim.gov.az-a istinadan xəbər verir ki, bakalavrlar qəbul imtahanının nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə də əldə edə bilərlər. Bunun üçün ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərmək kifayətdir.
Qəbul olunanların siyahısı iyulun 23-ü günün ikinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 555 bakalavrdan 13 446 nəfəri ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olub. Onlardan 5 798 nəfəri dövlət sifarişi, 7 648 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Qəbul olunanların 9 790 nəfəri cari ilin, 3 656 nəfəri isə əvvəlki illərin məzunlarıdır.
Qəbul olan şəxslər 24 iyul – 1 avqust tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün namizədlər yaradılmış şəxsi kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilə qəbul olunanların qeydiyyatı” bölməsini seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunmuşlar siyahısından çıxarılacaqlar.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmə tarixi DİM tərəfindən sonradan elan olunacaq.