ABŞ Prezidenti Donald Tramp ölkəsini BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan UNESCO-dan çıxarmaq qərarına gəlib. Ağ Ev bu qərarı 22 iyulda təsdiqləyib. Bu addım Trampın prezidentliyinin ilk dövründə də atılmış, lakin Co Bayden tərəfindən ləğv edilmişdi.
"Tehsil365" "Reuters" agentliyinə istinadən xəbər verir ki, İkinci Dünya Müharibəsindən sonra beynəlxalq əməkdaşlıq və sülhün təşviqi məqsədilə yaradılmış Paris mərkəzli bu təşkilatdan çıxmaq qərarı 2026-cı ilin sonunda qüvvəyə minəcək.
Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, UNESCO “Amerikalıların səs verdiyi sağlam düşüncəyə əsaslanan siyasətlə uyğunlaşmayan, ‘oyaq’ və bölücü ideologiyaları dəstəkləyir”.
ABŞ Dövlət Departamenti isə UNESCO-nu “qlobalist və ideoloji gündəm yürüdərək Amerika maraqlarına zidd siyasət aparmaqda” ittiham edib. Eyni zamanda, təşkilatın Fələstini üzv dövlət kimi tanıması qərarı ABŞ tərəfindən “problematik, İsrailə qarşı yönəlmiş və siyasətə zidd” kimi qiymətləndirilib.
UNESCO-nun baş direktoru Odri Azule bu qərardan dərin təəssüf hissi keçirdiyini bildirsə də, qurumun bu ehtimala hazırlandığını deyib.
Fransa Prezidenti Emmanuel Makron isə sosial şəbəkə “X”də (əvvəlki Twitter) paylaşım edərək UNESCO-ya sarsılmaz dəstək verdiyini bildirib və ABŞ-ın bu addımının Fransanın quruma olan bağlılığını zəiflətməyəcəyini vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqtonun qərarını “böyük və məsuliyyətli bir ölkəyə yaraşmayan davranış” adlandıraraq, UNESCO-ya güclü dəstəklərini ifadə edib.
İsrailin BMT-dəki səfiri Danni Danon ABŞ-ın bu qərarını alqışlayaraq UNESCO-nu “anti-İsrail qərəzi” ilə ittiham edib. İsrailin xarici işlər naziri Gideon Sa’ar isə “X”də paylaşımında Vaşinqtona “mənəvi dəstəyə və liderliyə görə” təşəkkür edib.
Digər tərəfdən, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin demokrat üzvü Cinn Şahin bu qərarı “qısa müddətli düşünülmüş və Çin üçün qələbə” kimi qiymətləndirib. O bildirib ki, ABŞ-ın əvvəlki çıxışı zamanı UNESCO-nun əsas maliyyə donoru məhz Çin olmuşdu.
UNESCO rəsmilərinin sözlərinə görə, ABŞ-ın çıxışı təşkilatın proqramlarına ciddi təsir etməyəcək, çünki qurumun büdcəsinin yalnız 8 faizi Vaşinqton tərəfindən qarşılanır.
UNESCO ABŞ, İsrail və Fələstinlə bağlı bütün sənədlərin son 8 ildə razılaşdırılmış formada hazırlandığını açıqlayıb. Baş direktor Azule bildirib ki, ABŞ bu dəfə də 7 il əvvəlki arqumentləri təkrar edir, lakin bu müddətdə UNESCO-nun çox şey dəyişdiyini vurğulayıb.
O, həmçinin təşkilatın Holokost təhsili və antisemitizmlə mübarizə sahəsində fəaliyyətlərinin bu ittihamlarla ziddiyyət təşkil etdiyini əlavə edib.
UNESCO hazırda ABŞ-dakı Azadlıq Heykəli və Böyük Kanyon da daxil olmaqla, dünya üzrə 1.248 irs obyektini qorumaqla məşğuldur.