Türkiyənin Ankara şəhərində yerləşən Başkent Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) maraqlarına zidd siyasi addımlar atıldığına görə, beş Orta Asiya ölkəsi – Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistan ilə bütün əməkdaşlıq əlaqələrini dayandırdığını açıqlayıb.
"Tehsil365" "Politik.uz"un yaydığı məlumata əsasən bildirir ki, universitet rəhbərliyi bu qərarın, adıçəkilən ölkələrin Kipr Respublikasının rəsmiləri ilə siyasi təmaslara girərək yalnız Türkiyə tərəfindən tanınan ŞKTC-ni nəzərə almamalarına cavab olaraq verildiyini bildirib.
Başkent Universitetinin Senatı bu məsələ ilə bağlı 10 aprel tarixində fövqəladə iclas keçirib. İclasın əsas müzakirə mövzularına Özbəkistan, Qazaxıstan və Türkmənistanın Kiprin yunan hissəsi olan Lefkoşaya səfir təyin etməsi və Semerkand Zirvəsi zamanı yaşanan siyasi mövqe fərqləri daxil olub.
Universitetin Kipr Araşdırmaları Mərkəzinin rəhbəri dosent Mehmet Balemez bu addımların ŞKTC-nin görməzlikdən gəlinməsi demək olduğunu bildirib. Senat Orta Asiya ölkələrinin bu mövqeyinə görə "dərin təəssüf" hissi keçirdiyini qeyd edərək, onları türk həmrəyliyi prinsiplərini pozmaqda ittiham edib.
Universitetin bəyanatında o da vurğulanıb ki, 2022-ci ildə keçirilmiş Semerkand Zirvəsində də ŞKTC ilə bağlı fikir ayrılıqları yaranmışdı. Bildirilir ki, həmin vaxt Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ŞKTC-yə müşahidəçi statusunun verilməsinə qarşı çıxmış, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev isə bitərəf mövqe tutmuşdu. Özbəkistanın o dövrdəki xarici işlər naziri Vladimir Norov isə "Şimali Kiprin tanınması mümkün deyil" deyə açıqlama vermişdi.
Başkent Universiteti bəyan edib ki, Orta Asiya ölkələrinin BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə istinad edərək Türkiyənin Kiprdəki fəaliyyətlərini qınamasını qətiyyətlə rədd edir. Universitet bu yanaşmanı ŞKTC ilə diplomatik münasibətləri separatizm kimi göstərmək cəhdi kimi qiymətləndirib.
Universitet bildirib ki, beş Orta Asiya ölkəsi Kiprlə bağlı mövqelərini yenidən nəzərdən keçirməyincə, bu ölkələrlə akademik əməkdaşlıq tamamilə dayandırılacaq. Bu qərar həm tələbə mübadiləsi proqramlarına, həm də birgə layihələrə şamil olunur.
1994-cü ildə yaradılmış Başkent Universiteti Türkiyənin ən böyük özəl ali təhsil müəssisələrindən biridir. 13-16 minə yaxın tələbəsi olan universitetdə təhsil alanların təqribən 3%-i xarici tələbələrdir. Dəqiq rəqəmlər açıqlanmasa da, bu tələbələr arasında Özbəkistan da daxil olmaqla Orta Asiya ölkələrinin vətəndaşları da yer alır.
Bu səbəbdən, hazırda universitetdə təhsil alan və ya gələcəkdə orada oxumağı planlaşdıran Orta Asiyalı tələbələrin təhsili bu qərardan birbaşa təsirlənə bilər.