Afrika qitəsindəki universitetlərdən fiziklər, Afrikanın ilk yerli kvant kompüterini qurmaq üçün öz resurs və bacarıqlarını birləşdirməyə qərar veriblər.
"Tehsil365" "University World News" in yaydığı məlumata əsasən xəbər verir ki, bu təşəbbüs, afrikalı tədqiqatçıların yalnız nəzəri deyil, həm də eksperimental — yəni praktik əhəmiyyət daşıyan — sahələrdə çalışma imkanlarını genişləndirəcək. Kvant texnologiyalarının hələ inkişaf mərhələsində olması, bu sahədə yeni gələnlər üçün bacarıq qazanmaq baxımından əhəmiyyətli fürsət yaradır.
Layihə yaxın günlərdə Cənubi Afrikanın Durban şəhəri yaxınlığındakı Skottburq qəsəbəsində keçirilən beynəlxalq seminar zamanı təsdiqlənib. Seminarı Kvazulu-Natal Universitetinin Kvant Hesablama və Texnologiyalar Mərkəzi təşkil edib və məqsədi bu sahədə Afrika daxilində əməkdaşlıq və şəbəkələşməni gücləndirmək olub.
Tədbirdə doqquz Afrika ölkəsindən 40-a yaxın nümayəndə, eləcə də Almaniyanın universitet, fond və tədqiqat institutlarından olan alimlər iştirak ediblər. Təşəbbüsün əsas dəstəkçilərindən biri Almaniyanın Wilhelm və Else Heraeus Fondu olub. Toplantı eyni zamanda Alman Fizika Cəmiyyətinin Afrika ilə elmi əlaqələri dərinləşdirmək cəhdlərinin bir hissəsi sayılır.
Nümayəndələr kvant kompüterinin fərqli texniki komponentlərinin müxtəlif ölkələr arasında bölüşdürülməsi ilə bağlı razılığa gəliblər. Bu, həm cihaz səviyyəsində eksperimental texnologiyaları, həm də hələ qeyri-müəyyən olan proqram təminatı hissəsini əhatə edir.
Kvant hesablama, atom hissəcikləri və kvant mexanikası fenomenlərini istifadə edərək, ənənəvi kompüterlərin edə bilmədiyi mürəkkəb hesablamaları yerinə yetirməyə imkan verir. Kvant kompüterlər bir neçə əməliyyatı paralel şəkildə icra edə bildiyi üçün, hava proqnozlaşdırılması, dərman hazırlanması kimi böyük verilənlərlə işləyən sahələrdə inqilabi sürət artımı vəd edir.
Seminar iştirakçıları layihəyə texniki istiqamət verəcək bir sənəd hazırlamağı da öhdələrinə götürüblər. İlkin mərhələdə bacarıqların artırılması və eksperimental infrastrukturun yaradılması əsas prioritet kimi müəyyənləşdirilib. Həmçinin, Afrikada sənaye dəstəyinə ehtiyac olduğu vurğulanıb. Kvant kompüterin konkret harada yerləşdiriləcəyi və maliyyətin necə bölüşdürüləcəyi gələcək qərarlarda müəyyən ediləcək, lakin onun sabit idarəçiliyə malik, sülhsevər bir ölkədə qurulacağı və digər ölkələrin ona bulud texnologiyası vasitəsilə çıxış əldə edə biləcəyi barədə ilkin razılıq əldə olunub.
Seminarın təşkilatçılarından biri, Kvazulu-Natal Universitetinin Kvant Mərkəzinin rəhbəri Dr. Tomas Konrad nümayəndələrə çağırış edərək deyib:
“Milli və institusional maraqları bir kənara qoyaraq fədakarlıq etməliyik. Çünki Afrikanın bu şansı yalnız bir dəfə ola bilər. Əgər uğurlu olsaq, Afrikanı izləyici yox, oyunçuya çevirə bilərik.”
O bildirib ki, universitetlər, gənc alimlər və bəzi hallarda xaricdən cəlb olunan mütəxəssislər bu prosesdə əsas rol oynayacaqlar.
Layihəyə olan həyəcan bəzi ehtiyatlı yanaşmalarla da müşayiət olunub. Bəziləri Afrikanın məhdud resurslarının bu qədər bahalı və çətin texnologiyaya deyil, daha təcili sahələrə yönəldilməli olduğunu düşünür.
Tunisin El Manar Universitetindən Dr. Mourad Telmini xəbərdarlıq edib ki, əvvəllər kvantla bağlı daha az iddialı layihələr uğursuzluğa düçar olub. O, Afrikada atom saatı qurmaq cəhdi kimi, yaxşı əsaslandırılmış layihələrin belə sonadək çatdırıla bilmədiyini xatırladıb.