Müasir dövrdə humanitar və səhiyyə sahələrinin kəsişməsində yaranan məsələlərə tədqiqatçılar daha çox diqqət yetirir. Yeniyetmə və gənclərin sağlam böyüməsi, çoxşaxəli inkişafı və psixososial rifahının qorunması üçün təhlükəsiz öyrənmə mühitinin yaradılması çağdaş cəmiyyətin qarşısında duran əsas çağırışlardandır.
Ali təhsil müəssisələrində təhsil alan gənclər müxtəlif daxili və xarici təsirlər nəticəsində psixofizioloji və reproduktiv sağlamlıqlarını risk altında hiss edə bilirlər. Sosial dəyərlərdəki sürətli dəyişikliklər, artan zehni və emosional yük, xüsusilə tələbələrin adaptasiya çətinlikləri və akademik tədrisin yüksək tələbləri stressin artmasına səbəb olur. Bu isə emosional pozuntular, ruhi gərginlik və stressə bağlı fizioloji xəstəliklərə yol açır.
Ekspertlər bildirir ki, gənclərin sağlamlığına diqqət yetirilməməsi və zərərli vərdişlərə yönəlməsi təəssüf doğurur. Tələbələrin sosial mühitdə özünü ifadə edə biləcəyi, psixoloji dəstək və sağlamlıq xidmətlərinin təmin olunduğu universitetlərə ehtiyac var. Bu cür mühitlər gənclərin emosional sabitliyini və təhsil uğurunu artırır.
Tehsil365 xəbər verir ki, Eyni zamanda, tələbələrin sosiallaşma səviyyəsi onların sağlam həyat tərzi vərdişlərinə birbaşa təsir göstərir. 2021-ci ildə Türkiyədə aparılan tədqiqatda yüksək sosiallaşma səviyyəsinə malik tələbələrin sağlam qidalanma, müntəzəm idman və şəxsi gigiyena qaydalarına daha çox riayət etdiyi müəyyən olunub. Sosiallaşması zəif olan tələbələrdə isə zərərli vərdişlərin yayılması müşahidə edilib.
Universitetlərdə tələbələrin sosial və peşə yönümlü bacarıqlarının inkişafı üçün praktik təlimlərin önəmi vurğulanır. Bu təlimlər tələbələrin əməkdaşlıq, qərarvermə və problem həll etmə qabiliyyətlərini artırmaqla, onların gələcək peşə fəaliyyətinə uğurla adaptasiya olmalarına şərait yaradır.
Təhsil müəssisələri, dövlət və cəmiyyət birgə çalışaraq gənclərin rifahına dəstək olan layihələr həyata keçirməli, psixoloji xidmətlər və mentorluq proqramlarını genişləndirməlidir. Mütəxəssislər qeyd edir ki, sosial dəstək və sağlam təhsil mühiti tələbələrin həm psixoloji, həm də fiziki sağlamlığının qorunmasında həlledici amillərdən biridir.