Amerika Birləşmiş Ştatlarında təhsil alan beynəlxalq tələbələrin sayı 2023/2024-cü tədris ilində 1 milyon 126 min 690 nəfərə çataraq tarixdə ilk dəfə bu qədər yüksək səviyyəyə qalxdı. Bu, ötən illə müqayisədə 6.6% artım deməkdir.
Ən çox artım Hindistandan olan tələbələrdə müşahidə olunub – bu ölkədən gələn tələbələrin sayı 23.3% artaraq 331,602 nəfərə çatıb. Ən çox beynəlxalq tələbə göndərən ikinci ölkə olan Çində isə azalma qeydə alınıb – 4.2% geriləmə ilə 277,398 nəfər.
Ən çox tələbə qəbul edən ştatlar sırasına Kaliforniya (140,858), Nyu-York (135,813) və Texas (89,546) başçılıq edir.
Təhsil pillələri üzrə artım ən çox magistratura səviyyəsində qeydə alınıb – 502,291 tələbə ilə 7.6% artım. Eyni zamanda, OPT (Optional Practical Training) proqramı çərçivəsində iştirak edən beynəlxalq tələbələrin sayı da 22.1% artaraq 242,782 nəfərə çatıb.
Ən çox seçilən ixtisas sahəsi isə 280,922 nəfərlə Riyaziyyat və Kompüter Elmləri olub – bu sahədə 16.9% artım müşahidə olunub.
Eyni zamanda, 2023/2024-cü illərdə 18,129 tələbə ABŞ universitetlərinə onlayn şəkildə, yəni ölkədən kənardan qoşulub.
Bu məlumatlar ABŞ Dövlət Departamenti və Beynəlxalq Təhsil İnstitutu tərəfindən dərc olunan “Open Doors” hesabatından götürülüb. Hesabat ABŞ-da təhsil alan xarici tələbələrin statistik mənzərəsini ortaya qoyur.