Bakı Slavyan Universiteti oğlan tələbələr üçün müəllimlik ixtisaslarında təqaüd proqramı elan edib. Bu barədə “Tehsil365”ə Bakı Slavyan Universitetindən məlumat verilib. “Proqramın əsas məqsədi müəllimlik sahəsində gender balansını yaxşılaşdırmaq və oğlanların bu peşəyə marağını artırmaqdır. Hazırda ibtidai sinif və xarici dil müəllimliyi ixtisaslarını əsasən qızlar seçir və kişi müəllimlərin sayı 10-12% civarındadır.
Universitetin rektoru Anar Nağıyevin təşəbbüsü ilə yaradılan təqaüd proqramı 2025/2026-cı tədris ili üçün nəzərdə tutulub və gələcəkdə davamlı şəkildə həyata keçirilə bilər. Proqram yalnız “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına şamil olunur, lakin gələcəkdə digər pedaqoji ixtisaslara da genişlənməsi mümkündür.” - deyə qeyd olunub.
Əlavə olaraq bildirib ki: “Təqaüd yalnız akademik göstəriciləri yüksək olan və universitetin intizam qaydalarına riayət edən tələbələr üçün davam etdiriləcək. Akademik borcu olan tələbələrin təqaüdü dayandırılır və hər semestr yenidən təsdiqlənir”.
Universitet hesab edir ki: “Bu təşəbbüs digər ali təhsil müəssisələri üçün də model ola bilər və gender balansının təhsildə təmin olunmasına töhfə verəcək. İlkin mərhələdə tələbə və valideynlərdən müsbət reaksiyalar alınıb, çoxsaylı valideynlər oğlan övladlarını müəllimlik sahəsinə yönəltməkdə maraqlıdırlar”. - deyə Bakı Slavyan Universitetindən bildirilib.