Son illər peşə təhsili alan gənclərin sosial rifahının yaxşılaşdırılması məqsədilə müxtəlif güzəştlər tətbiq olunur. “Tehsil365”ə peşə təhsili üzrə ekspert Elçin Süleymanov bu sahədə aparılan islahatlar, beynəlxalq təcrübə və mövcud tələbat barədə məlumat verib:
“Tələbələrə peşə təhsilində müəyyən qədər təqaüd verilir. Bu, bütün xərcləri tam qarşılamasa da, təhsil alan gənclər üçün mühüm bir dəstəkdir. Eyni zamanda peşə təhsilinin qısa müddətli olması, məzunların tez bir zamanda əmək fəaliyyətinə başlaya bilməsi də əlavə üstünlükdür.”
-Ekspertin sözlərinə görə, son dövrlərdə verilən təqaüdlər artırılıb və bu artımlar bütün təhsil pillələrinə – ali məktəblərdən peşə təhsilinə qədər şamil olunub:
“Ən son verilən fərmanla təqaüdlər artırılıb və ‘Tələbə Plus’ güzəşt kartı artıq peşə təhsili alan tələbələrə də şamil olunur. Bu, onların gündəlik ehtiyaclarını ödəməkdə müəyyən rahatlıq yaradır.”
-Elçin Süleymanov qeyd edir ki, bəzi ölkələrdə peşə təhsili alan tələbələr təcrübə zamanı istehsal və yaradıcılıq fəaliyyəti ilə məşğul olur, ortaya çıxan məhsulun satışından gəlir əldə edir:
“Onlar ya əmək haqqı alır, ya da istehsal etdiyi məhsuldan pay qazanır. Azərbaycanda da bu təcrübənin bəzi sahələrdə tətbiq olunması mümkündür. Xüsusilə sənaye və xidmət sahələrində təcrübə zamanı tələbəyə maddi təşviqin verilməsi müsbət nəticə verə bilər.”
-Ekspert əlavə edir ki, hazırda yalnız Elm və Təhsil Nazirliyinin tabeliyində olan müəssisələr deyil, digər dövlət qurumları da peşə təhsili və məşğulluq sahəsində fəaliyyət göstərir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan peşə kursları, eləcə də İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən peşə mərkəzləri bu istiqamətdə vacib rol oynayır.”
- Elçin Süleymanov hesab edir ki, regionlarda bu kimi sosial dəstək proqramlarının tətbiqi məşğulluğa müsbət təsir göstərməklə yanaşı, gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına şərait yaradır.

