İngiltərədə məktəblərdə dini təhsilin məzmunu və tətbiqi sürətlə dəyişən dini mənzərə ilə ayaqlaşmır. Bu sahədə köklü islahatlar aparılmalı və fənn müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.
“ Tehsil365 “ BBC -ə istinadən xəbər verir ki,İngiltərədə dini təhsilin yenilənməsinə ehtiyac olduğu Londonun Goldsmiths Universitetinin hesabatında vurğulanıb. Son illərdə dini inanclarda baş verən ciddi dəyişikliklərə baxmayaraq, məktəblərdə dini təhsil hələ də əsasən xristian ənənələrinə əsaslanır və qeyri-dini dünyagörüşləri yetərincə əhatə etmir. Hesabat müəllifləri bildirir ki, təhsil məzmunu müasir və müxtəlif dini və qeyri-dini inancları, o cümlədən qeyri-formal inancları və dini olmayan baxışları əks etdirməlidir.
2011-ci il siyahıyaalmaya görə, İngiltərədə özünü xristian adlandıranların sayı 59.3%, müsəlmanların payı 4.8% təşkil etsə də, dini inancı olmadığını bildirənlərin faizi 14.8%-dən 25%-ə qədər yüksəlib. Bu dəyişiklik dini təhsil proqramlarının yenidən nəzərdən keçirilməsini zəruri edir.
Hesabatda həmçinin qeyd edilir ki, dini təhsil fənninin orta məktəblərdə tədris vaxtı azalıb, çünki bu fənn EBacc (akademik nailiyyətlərə dair göstərici) siyahısından çıxarılıb. Bundan başqa, akademiyalar və “free schools” kimi müstəqil təhsil müəssisələri yerli razılaşdırılmış proqramlara riayət etmək məcburiyyətində deyillər ki, bu da təhsildə qeyri-bərabərliyə səbəb olur.
Gənclərlə aparılan müsahibələrdə onların dini təhsilin real və stereotiplərdən uzaq şəkildə öyrədilməsini arzuladığı ortaya çıxıb. Bu səbəbdən hesabat müəllifləri dini təhsil fənninin adının dəyişdirilərək “religious literacy” (dini savadlılıq), “religion and belief studies” (din və inanc araşdırmaları) və ya “religion, belief and secularity studies” (din, inanc və dünyəvilik araşdırmaları) kimi daha inklüziv olması təklif edilir.
Müəlliflər milli səviyyədə bir ekspert paneli yaradılmasını və bütün məktəblər üçün yeni qanuni çərçivənin hazırlanmasını tövsiyə edir, bununla yanaşı fənnin 16 yaşa qədər bütün şagirdlər üçün məcburi olmasını, amma imtahan (GCSE) səviyyəsində seçmə qaydada qalmasını istəyirlər.
Dini Təhsil Müəllimləri Milli Assosiasiyasının sədri Daniel Hugill bu islahatların müəllim hazırlığının yaxşılaşdırılması ilə birgə getməli olduğunu bildirir. Onun sözlərinə görə, müəllimlər yaxşı hazırlandıqda, özlərinə güvəndikdə və mövzunu dərindən bildikdə, şagirdlərə müasir dini və inanc mənzərəsini doğru çatdıra bilərlər.
Hökumət bu islahat çağırışlarına birbaşa cavab verməsə də, Təhsil Nazirliyinin sözçüsü dini təhsilin uşaqlarda tolerantlıq, hörmət və başqalarını anlamaq kimi Britaniya dəyərlərinin formalaşmasında vacib olduğunu və bu səbəbdən dini təhsilin bütün mərhələlərdə məcburi olaraq qaldığını vurğulayıb. Yerli hakimiyyət orqanları isə məktəblərdə dini tədris proqramlarının hazırlanmasından məsuldurlar.