NAFSA (Beynəlxalq Təhsil və Mübadilə Assosiasiyası ) tərəfindən yayımlanan hesabatda bildirilir ki, ABŞ kollecləri və universitetləri 2024-2025-ci tədris ilinə nisbətən gələn payız semestrində beynəlxalq tələbələrin sayında 30-40% arasında, yəni təxminən 80,000 tələbə azalma ilə üzləşə bilər.
"Tehsil365" University Word News'in yaydığı məlumata əsasən bildirir ki, 2025 Payız Beynəlxalq Tələbə Görünümü və İqtisadi Təsir hesabatına görə, bu azalma ABŞ universitetlərində qeydiyyatda olan beynəlxalq tələbələrin sayını 1,007,956-ya endirəcək. Bu rəqəm COVID pandemiyasından sonra 2022-2023-cü illə müqayisədə 50,000 tələbə az, amma 2021-2022-ci illə müqayisədə 60,000 tələbə çoxdur.
Hesabatda qeyd olunur ki, beynəlxalq tələbə sayındakı bu azalma ABŞ iqtisadiyyatına əvvəl proqnozlaşdırılan 46.1 milyard dollar gəlirdən 7 milyard dollar azalma və 60,000 iş yerinin itirilməsi ilə nəticələnəcək.
NAFSA-nın icraçı direktoru Fanta Aw deyib ki, viza müsahibələrinin müvəqqəti dayandırılması, sosial media yoxlamalarının genişləndirilməsi və viza rədd edilmə faizlərinin artması kimi faktorlar bu azalmaya səbəb olur. ABŞ konsulluqlarında viza müsahibələrinin 27 may - 18 iyun aralığında dayandırılması və sosial media yoxlamalarının əlavə olunması müraciət prosesini çətinləşdirib və gecikdirib.
Ən çox beynəlxalq tələbə göndərən ölkələr arasında Hindistan və Çin ön sıradadır. Hər iki ölkənin tələbələri uzun gözləmə müddətləri ilə üzləşib.
Viza verilməsi prosesindəki məhdudiyyətlər və rədd olunma faizlərinin artması da tələbə sayının azalmasına təsir edir. Məsələn, 2025-ci ilin ilk aylarında F1 tələbə vizalarının verilməsi əvvəlki ilə nisbətən 12% azalıb, may ayında isə 22% düşüş müşahidə olunub.
NAFSA bu vəziyyətin beynəlxalq tələbə axınını ciddi şəkildə təsirləndirəcəyini və ABŞ ali təhsil sisteminə həm iqtisadi, həm də sosial baxımdan böyük zərər verə biləcəyini vurğulayır.