1 avqust 2025-ci il tarixdə Naxçıvan şəhər Saat Meydanında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə “2 avqust – Azərbaycan Kinosu Günü” münasibətilə tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov qeyd edib ki, “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən, hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Bu il 127-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Azərbaycan kinosunun tarixi zəngin, irsi isə dəyərlidir. 1898-ci ildən – ilk qısametrajlı sənədli çəkilişdən bu günə qədər Azərbaycan kinosu təkcə sənət növü yox, həm də millətin yaddaşı, ruhunun güzgüsü olmuşdur”.
Sonda rejissor Qulu Əsgərov tərəfindən 2023-cü ildə ekranlaşdırılan "Mən burdayam, İlahi" filmi nümayiş etdirilib.
Film Vətən müharibəsi mövzusunda çəkilib. Müharibədə yaralanan qazi üç aylıq komadan ayılır anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Daha sonra həyatını qaydasına salmağa çalışır ki, övladına sahib çıxa bilsin. Öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.
Filmin ssenari müəllifi Nicat Dadaşov, quruluşçu operatoru Vasif Vəlizadə, bəstəkarı Rasim Məmmədovdur.
Filmdə əsas rollarda Rasim Cəfərov, Günay Həsən, Aygün Əlipənahova, Leyli Vəliyeva, Ayşad Məmmədov, Nəsibə Eldarova, Günəş Bağırov, Oktay Mehdiyev çəkiliblər.