Son illərdə ali təhsilli şəxslər arasında işsizlik problemi daha da kəskinləşib. Diplomlu gənclərin ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkməsi, təhsil ilə əmək bazarı arasındakı uyğunsuzluq məsələsini gündəmə gətirir.
Ali təhsilli gənclərin iş tapa bilməməsinin əsas səbəbi təhsil sistemindədir, yoxsa əmək bazarındakı struktursuzluqda?
Bu barədə “Tehsil365”ə təhsil eksperti Elçin Süleymanov açıqlamasında bildirib ki, hər il Azərbaycanda ali təhsilə 50-60 min abituriyent qəbul olur və son illərdə yerlər bir az daha artırılıb:
“ Hətta bu il 70 minə yaxın gənc, təbii ki, əmək bazarında iş tapması onun qabiliyyətinə, təhsil səviyyəsinə bağlıdır. Ümumiyyətlə, Azərbaycanda son 10 ildə ali təhsil bitirən məzunların təxminən yarısı iş tapıb. Bu, yaxşı bir göstəricidir ki, ali təhsil diplomu olan 2 nəfərdən 1-i rəsmi olaraq işləyir. Bunun içərisində sərbəst frilanserlər və s. daxil etsək, bu, 65-70 %-dir. 30 %-in işləməməsi müxtəlif səbəblərdən ola bilər.
Bitirdiyi təhsildə sadəcə diplom xətrinə oxuyub, iş dünyasının bacarıqlarını, iş dünyasının tələblərini yerinə yetirməyənlərdə, iş tapmayanlar da var. Müxtəlif ixtisaslar var ki, o ixtisaslar üzrə bir çox ali təhsil müəssisəsi mütəxəssis yetişdirir və bunlar arasında təbii ki, rəqabət var:.
Ekspert son olaraq əlavə edib ki, qeyd etmək lazımdır ki, təhsil sistemində məzunlarından kifayət qədər əmək bazarında özünü yaxşı şəkildə reallaşdıran ali təhsil müəssisələri var:
“Məsələn: Bakı Ali Neft Məktəbi, ADA və bənzəri bir neçə ali təhsil müəssisəsi var ki, onların məzunlarının əksəriyyəti ya xaricdə magistr təhsili, ya da ölkədə əmək fəaliyyəti ilə məşğuldur. Amma elə universitetlər var ki, onlarda təhsil səviyyəsi digərlərinə görə geri qalır.
Bu prosesdə müəyyən qədər gənclərə də məsuliyyət düşür. Dövlət Məşğulluq Agentliyinin bir çox peşə təhsili kursları var. Xüsusilə kompüter, kibertəhlükəsizlik istiqamətində kurslar elan olunur. Bankların da bu şəkildə müxtəlif tədris proqramları olur. Yəni, kim ki, təhsil aldığı dövrdə bu cür istiqamətdə də özünü yetişdirirsə, xarici dil və kompüter texnologiyalarını, son dövrdə dəbdə olan data analitikası, kibertəhlükəsizlik kimi əlavə qabiliyyətlərdə əldə edirsə, onların iş tapmasında ciddi problem yoxdur. Burda abituriyentlər peşə seçərkən əmək bazarına, onun reallıqlarına da baxmalıdır”.