Gənclərin ixtisas seçimi zamanı yalnız prestij və yüksək bal meyarlarını əsas tutması, onların gələcək peşə həyatında peşmanlıq yaşamasına səbəb ola bilər.
Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu "Tehsil365"ə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, bəzi gənclər populyar ixtisasların arxasınca gedərək şəxsi maraq və bacarıqlarını nəzərə almırlar. “Məsələn, düşünürlər ki, kimsə kompüter elmləri ixtisasını bitirib və ayda 10.000 manat qazanırsa, onlar da eyni yolu gedərək həmin gəliri əldə edəcəklər. Halbuki bu tamamilə yanlış yanaşmadır. Əsas sual budur: 'Mən bu ixtisası bacarırammı?'” – deyə o vurğulayıb.
Rizvan Fikrətoğlu hesab edir ki, bu problemin aradan qaldırılması üçün artıq 9-cu sinifdən etibarən şagirdlərə dəstək göstərilməlidir. Onun təklif etdiyi tədbirlərə aşağıdakılar daxildir:
Məktəblərdə peşə yönümlü və karyera məsləhət mərkəzlərinin fəaliyyət göstərməsi;
Şagirdlərə fərdi yanaşma ilə maraq, meyil və qabiliyyətə əsaslanan istiqamətləndirmənin aparılması;
Universitetlər və dövlət qurumları tərəfindən ixtisaslarla bağlı tanıtım tədbirlərinin – açıq qapı günləri, videoçarxlar, sənaye nümayişlərinin təşkili;
Məzun və tələbələrin real təcrübələrinin paylaşılması.
Ekspert həmçinin şagirdlərin maraq və qabiliyyətlərini müəyyən edən psixometrik testlərin tətbiqini və bu testlərin nəticəsinə əsasən məsləhət xarakterli fərdi hesabatların hazırlanmasını zəruri hesab edir.
Valideynlərin rolu da diqqətdən kənarda qalmamalıdır. “Onlar övladlarına təzyiq göstərmək əvəzinə, dəstəkverici mövqe tutmalı və onlara seçim azadlığı tanımalıdırlar,” – deyə ekspert əlavə edib.
Sonda Rizvan Fikrətoğlu qeyd edib ki, gənclərin maraq və bal göstəricilərinə əsaslanaraq uyğun ixtisasları təklif edən intellektual onlayn platformalar və mobil tətbiqlər hazırlanmalı, burada əmək bazarının tələbləri, maaş səviyyələri, karyera perspektivləri barədə ətraflı məlumatlar yer almalıdır.
“Bu cür sistemli yanaşma gənclərin daha düşünülmüş və məqsədyönlü qərarlar verməsinə yardım edəcək, peşmanlıq ehtimalını isə minimuma endirəcək"