Azərbaycan Respublikası Kino Agentliyi 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsini elan edir!
“Tehsil365 “ xəbər verir ki , Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində, milli və vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və nümunəvi obrazlarla nümayiş etdirən filmlərin istehsalının maliyyələşdirilməsi, habelə kino sənayesinin və müvafiq sahə ilə bağlı olan özəl sektor nümayəndələrinin dəstəklənməsi məqsədi ilə keçiriləcək müsabiqədə tammetrajlı bədii filmlərin qəbulu həyata keçiriləcəkdir.
Müsabiqənin mövzuları:
• Məşhur xadim (mədəni, ədəbi, siyasi, idman və s.) haqqında
• Tarixi Azərbaycan dövləti və ya tarixi hadisə haqqında
• Azərbaycan nağıl və ya dastanlarının motivləri əsasında
• Müasir innovasiya hadisələrinin qəhrəmanları haqqında
• Azərbaycan tarixində iz qoyan qadınlar haqqında
• Vətən müharibəsi qəhrəmanlarının timsalında Vətən müharibəsi haqqında
• Klassik Azərbaycan filmlərinin müasir dövrümüzə uyğunlaşdırılması
• Qəhrəmanı uşaq olan və uşaqlara xitab edən film
• Musiqili janrda film
• Mozalanın 55 illiyinə həsr olunmuş aktual satirik janrda film
Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər Azərbaycan dilində təqdim etdiyi film layihələri ilə iştirak edə bilər.
Müsabiqəyə müraciətlərin qəbulu 01.09.2025-ci il tarixindən etibarən başlayacaqdır.
Müsabiqənin reqlamenti ilə ARKA-nın rəsmi internet səhifəsində tanış ola bilərsiniz.