Müasir dövrdə sosial şəbəkələr və bəzi valideyn davranışları uşaqlara “daima xoşbəxt olmalısan” mesajını aşılayır. Lakin bu, uşaqların real hisslərini ifadə etməsinə mane olur. Psixoloqlar bildirir ki, uşaqlar kədərləndikdə və ya qorxduqda bu hissləri ifadə etmək yerinə, onları içlərində saxlayır və nəticədə bu basdırılmış duyğular gələcəkdə psixoloji fəsadlara səbəb ola bilər.
“Tehsil365” xəbər verir ki, “zəhərli pozitivlik” termini, yalnız müsbət hisslərə yer verilməsini və neqativ duyğuların inkar edilməsini ifadə edir. Bu cür yanaşma, xüsusilə emosional inkişaf dövründə olan uşaqlarda özünü ifadə etmə bacarığını zəiflədir və “mən belə hiss etməməliyəm” düşüncəsi formalaşdırır.
Mütəxəssislər deyirlər ki, uşaqların hisslərinə açıq qulaq asmaq, “ağlama, güclü ol” demək əvəzinə “səni anlayıram, belə hiss etmək normaldır” kimi cavablar vermək daha sağlam yanaşmadır. Uşağın qorxusuna, narahatlığına, kədərinə və hətta hirsinə yer vermək, onu duyğularını dərk etməyə və daha sağlam emosional dünyaya sahib olmağa istiqamətləndirir.