Cinsi zorakılıq uşaqların həyatında dərin və uzunmüddətli psixoloji izlər buraxan ən ağır travmalardan biridir. Statistikalar göstərir ki, zorakılığa məruz qalan uşaqların çoxu bu hadisəni illərlə gizlədir, qorxu, utanc və günahkarlıq hissi ilə baş-başa qalırlar. Lakin bu sükutun arxasında dağıdıcı psixoloji nəticələr yatır.
Tehsi365 xəbər verir ki, Uşaq psixoloqları bildirir ki, belə hallarda uşaqlarda özünə güvənsizlik, dəyərlilik hissinin itməsi, depressiya, panik atak, sosial çəkingənlik, aqressiya, özünütənqid və təkrar-təkrar zorakılığın təsvirini xatırlamaq kimi hallar müşahidə olunur.
Psixoloqlar qeyd edir ki, uşaqlar zorakılığı anlamaq və ifadə etmək baxımından yetkin deyillər:
"Cinsi zorakılıq keçirmiş uşaqlar hadisəni başa düşməyə və ifadə etməyə çalışarkən böyük psixoloji yüklənmə yaşayır. Bəziləri bu vəziyyəti öz günahı kimi qəbul edir, bu isə uzunmüddətli özgüvən itkisinin əsasını qoyur."
Zorakılıqdan sonra bir çox uşaqda yuxusuzluq, kabuslar, dəhşətli xatirələr, qapanma, yetkinlik dövründə seksual disfunksiya, etibarsızlıq və təhsildə geriləmə baş verir. Bu simptomlar bəzən illərlə davam edir və vaxtında psixoloji dəstək göstərilmədikdə həyatın müxtəlif sahələrinə təsir edə bilər.
Mütəxəssislər valideynləri və pedaqoqları uşaq davranışlarındakı qəfil dəyişikliklərə qarşı diqqətli olmağa çağırır. Uşaq birdən-birə içə qapanırsa, baş ağrısı, qarın ağrısı kimi psixosomatik şikayətlər başlayırsa, tanımadığı şəxslərdən qorxmağa başlayırsa, bu, ciddi bir siqnal ola bilər.
Uşaqlara erkən yaşlardan etibarən bədən sərhədləri, toxunulmazlıq hüququ, yox demə bacarığı kimi mövzularda düzgün məlumat verilməsi, bu təhlükəyə qarşı psixoloji müqavimət formalaşdıra bilər.