Cəmiyyətdə dərin kök salmış gender stereotipləri hələ də qız uşaqlarını susmağa, qorxmağa və özünə inamsızlıq içində böyüməyə məcbur edir. “Qız uşaqsansa, sakit durmalısan”, “ayıb olar, başını aşağı sal” kimi ifadələr uşaqların şəxsiyyət inkişafını zədələyir. Psixoloqların fikrincə, belə yanaşma təkcə psixoloji deyil, eyni zamanda sosial nəticələr doğurur qadınların öz hüquqlarını qorumaqda çətinlik çəkməsi, zorakılığa qarşı susması və travmaların illərlə içində qalması bu problemlərin yalnız bir hissəsidir.
Məhz belə bir vəziyyətin acı nümunəsi bu günlərdə Sabirabad rayonunda qeydə alınıb. Qaratəpə kənd sakini, 64 yaşlı Mərdan Hüseynovun azyaşlıya cəmi 4 yaşlı bir qız uşağına qarşı əxlaqsız hərəkətləri ictimaiyyəti sarsıdıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində hadisə ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.
Uşaq psixoloqları bildirirlər ki, belə hadisələr təkcə hüquqi deyil, həm də dərin psixoloji təsirlərlə nəticələnir. Zərərçəkən uşaqlarda travmalar, qorxu, sosial təcrid, hətta uzunmüddətli depressiya halları müşahidə olunur. Ən təhlükəlisi isə cəmiyyətin susqunluğu və ya hadisəni "qız uşağı böyüyəndə unudar" düşüncəsidir. Bu yanlış yanaşma nəinki qurbanın sağalmasına kömək etmir, əksinə, onun yaşadığı ağrını daha da dərinə itələyir.
Mütəxəssislər çağırış edir: qız uşaqları utandırılmamalı, gücləndirilməlidir. Onlara səs verməyi, qorunmağı və haqlarını bilməyi öyrətmək cəmiyyətin borcudur. Valideynlər, müəllimlər və ümumilikdə ictimaiyyət bu məsuliyyəti dərk etməli, qızların susdurulmadığı, dəstəkləndiyi və dəyər gördüyü bir gələcək üçün birlikdə çalışmalıdır.