Azərbaycan və dünya qılıncoynatmasının canlı əfsanələrindən sayılan, qılıncoynatmanın ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, yetirmələri ilə dəfələrlə olimpiya zirvələrini fəth etmiş Yaşar Məmmədovun 90 illik yubiley mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, mərasimi giriş sözü ilə açan Məmmədovlar ailəsi qonaqları salamlayaraq, yubilyarın ad gününü onlarla birgə qeyd etdikləri üçün mərasim iştirakçılarına təşəkkür ediblər. Ardınca Yaşar müəllimin 90 illik həyat yolu ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov və digər qonaqlar çıxış ediblər. Qonaqlar “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, 2014-cü ildə adı Beynəlxalq Qılıncoynatma Federasiyasının Şöhrət Zalına daxil edilən Yaşar Məmmədovla bağlı xatirələrini bölüşərək, yubilyarın ad gününü təbrik ediblər.
Azərbaycan idman ictimaiyyətinin tanınmış simalarının iştirak etdiyi tədbir bədii hissə ilə davam edib.