Abituriyentlərin ixtisas seçimi zamanı yalnız topladıqları bala əsaslanması həm şəxsi narazılıqlara, həm də əmək bazarında səmərəsiz insan resurslarının ortaya çıxmasına səbəb olur. Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu “Tehsil365”ə danışıb.
Onun sözlərinə görə, bu problemin qarşısını almaq üçün bir sıra dəyişikliklərə ehtiyac var:
“Ümumiyyətlə, peşəyönümlü istiqamətləndirmə sisteminin gücləndirilməsinə ehtiyac var. Artıq 7-8-ci sinifdən etibarən məktəblərdə peşəyönümlü dərslər və məsləhət saatları keçirilməlidir. Şagirdlərə psixoloji testlər, maraq və qabiliyyət analizləri, peşə sahələri təqdim olunmalı, fərdi məsləhətlər verilməlidir. İxtisas seçimindən əvvəl peşə sahibləri ilə tanışlıq olmalıdır. ‘Peşə günü’, ‘açıq qapı’, ‘bir gün o peşədə’ kimi tədbirlər təşkil olunmalıdır.”
Ekspert qeyd edib ki, abituriyentlər real mühitdə peşə fəaliyyətinin mahiyyəti ilə tanış olmalı, ali məktəblər və müəssisələrlə praktiki əməkdaşlıq qurulmalıdır.
“Yalnız bal əsasında deyil, müsahibə, motivasiya məktubu, hətta fərdi bacarıq kimi mərhələlər də əlavə oluna bilər. Bu, xüsusilə pedaqoji, hüquq, tibb və incəsənət sahələrində məqbul hesab oluna bilər. Yalnız yüksək bal toplayan deyil, məqsədli namizədlər qəbul olunmalıdır,” – deyə Rizvan Fikrətoğlu bildirib.
Ekspert əlavə edib ki, peşə seçiminin uzunmüddətli nəticələri barədə vətənpərvərlik və realist mesajlar daşıyan kampaniyalar keçirilməlidir:
“Valideynlərin bu qərara təsiri böyükdür. Onlar üçün seminar, video və digər formatlarda izahlı materiallar hazırlanmalıdır. Məktəblərdə və rayon səviyyəsində fəaliyyət göstərən karyera yönləndirmə mərkəzləri yaradılmalıdır. Onlar peşə tanıtımları və platformalarla gənclərin istifadəsinə açıq olmalıdır.”
Ekspert həmçinin qeyd edib ki, universitetlər əmək bazarına uyğun ixtisaslar təklif etməli və abituriyentlərə məzun məşğulluğu, əmək haqqı ortalamaları barədə məlumatlar təqdim olunmalıdır:
“Bu addımlarla gənclər yalnız balına görə yox, maraq, bacarıq və gələcək planlarına uyğun seçim edə bilərlər. İxtisas seçimi çox önəmli mərhələdir. Abituriyent bilik və bacarığını onun maraqlarına uyğun sahəyə yönəltməlidir.”
Rizvan Fikrətoğlu qeyd edib ki, xüsusilə kənd təsərrüfatı sahəsində məcburiyyətdən seçilən və 150 ballıq ixtisaslara daxil olan kadrlar sonradan səmərəli mütəxəssis səviyyəsində formalaşa bilmir.